Qusarda genişmiqyaslı təmizlik-abadlıq işləri davam etdirilir.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, növbəti belə tədbir bu gün Qusarçay çayının sahilboyu ərazisində təşkil olunub. Genişmiqyaslı təmizlik aksiyası çərçivəsində sözügedən ərazi məişət tullantılarından və müxtəlif növ ətraf mühitə zərər verə biləcək materiallardan təmizlənib. Bu məqsədlə keçirilən aksiyada əraziyə 5 iri tonnajlı yük avtomobili, 3 ekskavator cəlb olunub. Qusar Mənzil-istismar İdarəsi və Kommunal Müəssisələr Kombinatının 100-ə yaxın əməkdaşı, eləcə də könüllülər bu təşəbbüsə qoşulublar. Aksiya Qusar Rayon İcra Hakimiyyətinin dəstəyi və təşkilatçılığı, habelə digər müvafiq qurumların koordinasiyalı fəaliyyəti ilə həyata keçirilib.
Qeyd edək ki, 2024-cü il və cari ilin birinci yarısında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi ilə əməkdaşlıq çərçivəsində rayon ərazisində bu formatda artıq 3 irimiqyaslı təmizlik və ekoloji aksiyanın icrası təmin olunub. Bu tədbirlər təkcə ekoloji mühitin qorunmasına deyil, həmçinin vətəndaşlarda ekoloji maarifləndirmə və ictimai məsuliyyət hissinin artırılmasına da xidmət edir.
Rayon ərazisində təmizlik-abadlıq işləri bundan sonra da ardıcıl şəkildə davam etdiriləcək.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu