Xəbər verdiyimiz kimi, iyulun 6-da II və III ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanlarının II cəhdi keçiriləcək. İmtahanlar Bakı, Xankəndi, Naxçıvan, Gəncə, Şəmkir, Ağstafa, Qazax, Sumqayıt, Abşeron, Şamaxı, Mingəçevir, Şəki, Zaqatala, Bərdə, Göyçay, Kürdəmir, Şirvan, Sabirabad, Salyan, Lənkəran, Cəlilabad, Masallı, Quba və Xaçmazda təşkil olunacaq.
Təhlükəsizliyin təmin edilməsi məqsədilə imtahan mərkəzlərinə iyulun 5-də təkrar baxış keçiriləcək və imtahan zalları, giriş-çıxış qapıları, binalar möhürlənməklə Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin əməkdaşlarının mühafizəsinə veriləcək.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Dövlət İmtahan Mərkəzi (DİM) yayıb.
Mənbə qeyd edir ki, hazırda qeyd olunan şəhər və rayonlarda imtahanlarda iştirak edəcək digər nəzarətçilər, imtahan rəhbərləri, mühafizə əməkdaşları ilə təlim-seminarlar keçirilir. Bütün imtahan binalarına baxış keçirilir, imtahan zallarında abituriyentlərin rahat şəkildə imtahan verməsi üçün zəruri şərait yaradılır.
Qeyd edək ki, imtahanların gedişini işıqlandırmaq üçün 32 KİV nümayəndəsi DİM-də akkreditasiyadan keçib.
Bizim.Media