İspaniyanın Sevilya şəhərində İnkişafın Maliyyələşdirilməsi üzrə IV Qlobal Konfrans keçirilir.
Bizim.Media xəbər verir ki, tədbirdə ölkəmizi Azərbaycan nümayəndə heyətinin rəhbəri, Baş nazirin müavini Samir Şərifov təmsil edir.
Konfrans çərçivəsində 1 və 2 iyul tarixlərində Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi tərəfindən beynəlxalq inkişafa yardım və iqlim maliyyəsi mövzularında yüksək səviyyəli müzakirələr təşkil olunub.
1 iyul tarixində XİN-in Azərbaycan Beynəlxalq İnkişafa Yardım Agentliyinin (AIDA) təşəbbüsü, BMT-nin Cənub-Cənub Əməkdaşlığı üzrə Ofisinin (UNOSSC) birgə təşkilatçılığı, habelə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) İnkişafa Yardım Komitəsinin (DAC) tərəfdaşlığı ilə “Yeni İnkişaf Tərəfdaşları: Dayanıqlı İnkişaf Məqsədlərinə Nail Olmaq üçün Cənub-Cənub Əməkdaşlığının Gücləndirilməsi” adlı tədbir keçirilib.
Tədbirdə Yeni İnkişaf Tərəfdaşlarının Dayanıqlı İnkişaf Məqsədlərinə (DİM) nail olunması, eləcə də qlobal çağırışlara daha effektiv cavab verilməsi baxımından yeni və inklüziv əməkdaşlıq modellərinin əhəmiyyəti kimi mövzular ətrafında müzakirələr aparılıb.
Tədbirdə DİM-lərə nail olunması istiqamətində Azərbaycan kimi yeni inkişaf tərəfdaşlarının beynəlxalq səviyyədə apardığı işin əhəmiyyətindən və həmin fəaliyyətlərin daha sıx əlaqələndirmə və əməkdaşlıq vasitəsilə səmərəliliyinin artırılması imkanlarından bəhs olunub.
Qlobal şimal və qlobal cənub arasında inkişafa yardım sahəsində təcrübə və bilik mübadiləsi prosesində COP29 zamanı ölkəmizin təşəbbüsü ilə yaradılmış beynəlxalq səviyyəli Bakı İqlim və Sülh Fəaliyyəti Mərkəzinin (“Baku Hub”) mümkün roluna diqqət yönəlib.
2 iyul tarixində isə “COP29-un maliyyə nəticələrinin tətbiqi: dayanıqlı inkişaf üçün iqlim fəaliyyəti” adlı xüsusi tədbir təşkil olunub.
Tədbirin açılış hissəsində çıxış edən COP29-un prezidenti, Azərbaycan Respublikası Prezidentinin İqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev iqlim maliyyəsinin, və bu xüsusda COP29-da qəbul edilmiş tarixi qərarların əhəmiyyətinə vurğu edib. O, COP29 sədrliyinin qlobal iqlim fəaliyyətinə uğurla töhfə verməyə davam edəcəyini iştirakçıların diqqətinə çatdırıb.
Daha sonra, XİN-in xüsusi tapşırıqlar üzrə səfiri Elşad İskəndərov iqlim maliyyəsi təminatının iqlimə həssas və münaqişələrdən əziyyət çəkən ölkələr üçün vacib rol oynadığına diqqət çəkərək, həmin ölkələrə beynəlxalq yardım və iqlim maliyyəsinin artırılması istiqamətində fəaliyyət aparan “Baku Hub” barədə məlumat verib.
Qeyd edək ki, Qlobal Konfrans, hər 10 ildən bir keçirilir. Bu ilki tədbirdə 164 dövlətin və 49 beynəlxalq təşkilatın iştirakı ilə təşkil olunur.
Bizim.Media