“The Insider” nəşri daha əvvəl minval.az tərəfindən dərc edilmiş məlumatların həqiqiliyini təsdiqləyib.
Bizim.Media xəbər verir ki, 25 dekabr 2024-cü il tarixində Qroznı səmasında vurulan "Embraer E190" sərnişin təyyarəsi ilə bağlı məqalədə adıçəkilən hava hücumundan müdafiə kapitanı Dmitri Paladiçuk “The Insider” nəşrinə açıqlamasında, Azərbaycan təyyarəsinə atəş açıldıqdan sonra ordu komandanına” izahat yazdığını təsdiqləyib.
Onun sözlərinə görə, bu izahatı yazmaq ondan tələb olunub.
Paladiçuk həmçinin izahat məktubundakı özünəməxsus xəttini – xüsusilə “ё” hərfinin xarakterik yazılış formasını tanıdığını da etiraf edib.
Bu da Minval.az saytında daha əvvəl yayımlanmış izahat sənədinin orijinallığını təsdiqləyir.
Qeyd edək ki, “Minval.az”a sözügedən hadisə ilə bağlı anonim mənbədən məktub göndərilib. Sözügedən məktubda Rusiya Müdafiə Nazirliyi tərəfindən təyyarənin vurulması əmrinin verildiyi ilə bağlı Hava Hücumundan Müdafiə (HHM) sistemlərinin kapitanı Dmitri Sergeyeviç Paladçukun izahatı, eləcə də video və audioyazılar yer alıb.
Xatırladaq ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb.
Təyyarənin göyərtəsindəki 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb. Hər iki pilot da daxil olmaqla 3 ekipaj üzvü həyatını itirib, iki ekipaj üzvü isə sağ qalıb.
Bizim.Media