Bakı şəhəri, Nərimanov rayonu, Baksol yolu adlanan ərazidə 26.06.2025-ci il tarixində sənaye-məişət tipli kollektorun 430-cu metrində yol örtüyünün çökməsi zamanı vətəndaşın həyatını itirməsi ilə nəticələnən bədbəxt hadisə baş verib.
Bu barədə Bizim.Media-nın sorğusuna cavab olaraq ADSEA-dan məlumat verilib.
Bildirilib ki, 1986-cı ildən istismar olunan kollektorun çökmüş, qəzalı vəziyyətdə olan 930 metr hissəsi 2019-cu ildən bəri hissəli şəkildə əsaslı təmir edilib.
Qalan hissədə təmir işlərinin aparılması üçün zəruri tədbirlər görülür:
“Xüsusilə vurğulayaq ki, həmin ərazidə yolboyu sağ və sol hissələrdə tikinti materialları bazarı fəaliyyət göstərir. İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin balansında olan kanalizasiya quyuları həmin mağazaların altında qalıb, müvafiq sukanal idarəsinin çoxsaylı xəbərdarlıqlarına məhəl qoyulmayıb, nəinki ərazi boşaldılıb, əksinə, xəttin mühafizə zonası ağır çəkili tikinti materialları ilə yüklənib. Belə vəziyyət görülən işlərə mane olmaqla yanaşı kollektorun üzərindəki yol örtüyünün çökməsi ilə nəticələnib.
Diqqətə çatdıraq ki, qəza baş verən ərazidə xəbərdaredici nişanların, həmçinin dəmir məhəccərlərin quraşdırılmasına baxmayaraq, əraziyə iritonnajlı yük maşınları daxil ola bilsin deyə, sahibkarlar xəbərdaredici və qadağanedici nişanları yığışdırıblar.
Hadisə baş verdiyi ərazidə çökmüş kollektorun üzərinin sahibkarlar tərəfindən taxta parçaları ilə örtülməsi həmin ərazinin qəzalı olduğunu görməyə əngəl yaradıb. Məhəccərlərin götürülməsi və çöküntü yerinin primitiv üsulla qapadılması vətəndaşa vəziyyətin qiymətləndirilməsinə imkan verməyib və o qəzalı əraziyə yaxınlaşıb. Nəticədə bədbəxt hadisə baş verib” – deyə məlumatda qeyd olunub.
Xatırladaq ki, iyunun 26-da saat 20:30-da 1997-ci il təvəllüdlü Cümşüd Cümşüdlü Nərimanov rayonu, Ələsgər Qayıbov küçəsi 20/90 ünvanının qarşısında yer səthinin çökməsi nəticəsində kanalizasiya sularının axdığı kanala düşüb.
Aparılmış axtarışlar nəticəsində mərhumun meyiti iyunun 28-də saat 15:35-də Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən kanalizasiya sularının təmizləmə anbarında tapılıb.
Günay Şahmar, Bizim.Media