Hazırda bir sıra əmək, xidmət və ticarət münasibətləri müqavilələrlə tənzimlənir. Amma nədənsə əksər müqavilələr çox uzun, yorucu üsluba malik olur. Üstəlik, müqavilə kifayət qədər xırda şriftlərlə yazıldığından heç də hamı üçün oxunaqlı olmur. Ona görə də bağlanan müqavilələri istehlakçılar çox zaman oxumur.
Bəs müqavilələr niyə uzun olur və xırda şriftlərlə yazılır?
Mövzu ilə bağlı Bizim.Media-ya danışan hüquqşünas Əkrəm Həsənli deyir ki, istehlakçılarla bağlanılan bütün müqavilələrdə belə hallara yol verilir:
“Təkcə banklarda deyil, hansısa mağazadən mal alarkən bağlanılan müqaviləyə baxsanız, görəcəksiniz ki, şərtlər çox xırda şriftlə yazılıb. Burada 2 məqsəd var. Əsas məqsəd odur ki, kağıza qənaət edilir. Axı müqavilələrin şərtləri çox olur. Digər məqsədsə odur ki, müştəri müqavilə şərtlərini tam mənimsəməsin.
Müştəri mətnlə tam tanış olsa, hansısa şərtlə razılaşmaya bilər. Əslinə baxsaq, belə müqavilələr bağlanarkən diqtə edən tərəf məhsulu satan tərəf olur. Alıcı da məcburiyyət qarşısında olduğu üçün müqavilənin şərtlərinə fikir vermir”.
Müsahibimiz deyir ki, bütün hallarda müqavilənin şərtlərini oxumaq lazımdır:
“Bilməlisən ki, hansı öhdəliyi üzərinə götürürsən. Əslində banklar bütün şərtlərlə bağlı müştəriyə şifahi məlumat verməyə borcludur. Əks halda qanunu pozmuş olur. Amma bütün hallarda bizdə müqavilələrin məzmunu formal xarakter daşıyır. Onu çoxları oxumur”.
Surxay Atakişiyev, Bizim.Media