Mən – Azərbaycan Dəmir Yoluyam. Hər fitim tarix danışır, hər səsim gələcəyə uzanır və bu yol hələ bitməyib...
145 yaşındayam. Ayaqlarım poladdandır, qəlbim isə bu torpağın döyüntüsünü daşıyır. Neftin ətri ilk dəfə Bakının küçələrini dolduranda, ilk nəfəsimi aldım. O gündən bəri susmadım. Hər relsim bir tarix, hər dayanacağım bir xatirədir...
Neftin izi ilə başlayan yol
1878-ci il... Neft qoxulu Bakının səmasında ümid işıqları görünməyə başladı. O dövr üçün cəsarətli bir layihə – Bakı–Sabunçu dəmir yolu xətti inşa olundu. Cəmi iki il sonra, 1880-ci ildə Azərbaycanın ilk dəmir yolu istifadəyə verildi. Bu, sadəcə nəqliyyat xətləri deyildi – sənaye inqilabının təməl daşlarından biri idi. 20 kilometrlik bu yolun məqsədi Bakı neftinin hasilatı və ixracını sürətləndirmək, neft mədənlərini Bakı limanı ilə birləşdirmək idi.
Bu gün həmin başlanğıc, müasir texnologiya və regional inteqrasiya ilə öz bəhrəsini verir. Azərbaycanın dəmir yolları Sabunçu ilə bitmir – Avropa və Asiyaya uzanır. Bakı–Tbilisi–Qars xətti ilə müasir elektrik qatarları Qafqazdan Avropaya hərəkət edir. Əvvəllər buxarla işləyən vaqonların titrəyişinə heyranlıqla baxırdıq, bu gün isə qatarda Wi-Fi axtarırıq...
1883-cü il – Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı. Həmin il Bakı ilə Tbilisini birləşdirən dəmir yolu istifadəyə verildi və Azərbaycan Qafqazın ən iri nəqliyyat qovşaqlarından birinə çevrildi. Bu xətt yalnız iki şəhəri deyil, bütöv regionu bir-birinə yaxınlaşdırdı.
Artıq Bakı nefti daha sürətli və sərfəli şəkildə Qara dəniz limanlarına, xüsusilə Batumiyə daşına bilirdi. Yerli məhsullar – pambıq, ipək, taxıl və neft məhsulları yeni bazarlara çıxarıldı. Bu inkişaf, ölkədə çoxmillətli əmək bazarının formalaşmasına səbəb oldu.
Zaman dəyişdi, imperiyalar dağıldı, sərhədlər dəyişdi, lakin Bakı–Tbilisi xətti öz strateji əhəmiyyətini qoruyub saxladı.
Bu xəttin davamı olan Bakı–Tbilisi–Qars dəmir yolu bu gün Azərbaycan, Gürcüstan və Türkiyəni birləşdirərək, Avropa ilə Asiyanı bir araya gətirən mühüm logistika körpüsünə çevrilib.
Elektriklə işıq saçan yollar
1884-cü ildə istifadəyə verilən “Tiflis vağzalı” Bakının sənayeləşməsində və iqtisadi inkişafında mühüm rol oynadı. “Tiflis vağzalı” və Bakı dəmir yolları paralel olaraq texnoloji dəyişikliklərin regional əksi idi.
İllər keçdikcə, işçi qüvvələrinin sayı artdı, insanların bir nöqtədən digərinə daşınması üçün daha effektiv nəqliyyat vasitələrinə ehtiyac yarandı. Şəhəriçi nəqliyyat sisteminin formalaşmasında isə 1924-cü ildə istifadəyə verilən elektrik tramvayları önəmli idi. Tramvay xəttinin açılması sadəcə yeni bir nəqliyyat vasitəsinin təqdimatı deyildi.
Bu, şəhərin modernləşməsi, sosial əlaqələrin genişlənməsi və iqtisadi inkişafın təşviqi baxımından strateji bir addım idi. O dövrdə tramvay sistemi nəqliyyat ehtiyaclarını qarşılayan müasir bir həll idi. Bu gün isə şəhər planlaşdırıcıları davamlı nəqliyyat modellərinə üstünlük verir — bunlara metro, avtobus, velosiped yolları daxildir. Daha sonra – 1926-cı ildə Bakı–Sabunçu dəmir yolu xətti elektrikləşdirilərək istifadəyə verildi. Bu, SSRİ-də ilk belə layihə idi.
1926–1931-ci illərdə ekoloji baxımdan səmərəli olan bu xətlə 10 milyon sərnişin daşınmışdı.
Ümumiyyətlə, 1920-ci ildən sonra mövcud xətlər modernləşdirildi və ölkədə əhəmiyyətli sənaye mərkəzləri arasında sabit dəmir yol əlaqələri quruldu.
Müharibənin relsləri
İkinci Dünya Müharibəsi illərində Azərbaycan dəmir yolları ön cəbhə ilə arxa cəbhəni birləşdirən “can damarı”na çevrildi. Həmin dövrün sərt və qaranlıq illərində dəmir yolları təkcə relslərlə uzanan bir nəqliyyat şəbəkəsi deyildi.
“Qatarlarımda təkcə yük yox, igidlər də daşındı. Bəziləri qayıtdı, bəziləri yox... Hər dayanacaqda bir həsrət saxladım...
Bakı nefti ilə çalışan sovet texnikasının cəbhəyə vaxtında çatdırılması məhz dəmir yolu işçilərinin fədakarlığı ilə mümkün oldu.
1955-ci ildən sonra isə Azərbaycanın öz dəmir yolu idarəsi formalaşdı. Bu, həm qərarların operativ qəbul olunmasını, həm də yerli şərtlərə uyğun strategiyaların hazırlanmasını asanlaşdırdı. Məsələn, Azərbaycanın sənaye mərkəzləri olan - Sumqayıt, Mingəçevir, Gəncə dəmir yoluna artan tələbatın yerli səviyyədə qiymətləndirilib cavablandırılması daha səmərəli oldu. Bakıdan başlayaraq Salyan və Neftçala istiqamətində olan neft yataqlarının məhsulları daha sürətlə daşınmağa başlandı ki, bu da həm daxili bazar, həm də digər Sovet respublikalarına nəql baxımından əhəmiyyətli idi. Cənub sərhəd xəttində - Astara və Culfa istiqamətində isə hərbi, eləcə də iqtisadi baxımdan dəmir yolunun daha sistemli inkişafı mümkün oldu.
Keçmişin izi, gələcəyin xətti...
1979-cu ildə təməli qoyulan Ağdam–Xankəndi dəmir yolu Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə ərsəyə gəlmişdi. Bu yolla keçmişin izi və gələcəyin xətti də bir-birinə bağlanırdı. Qarabağın iqtisadi və sosial cəhətdən Azərbaycanla inteqrasiyasını gücləndirən bu xətt, 1990-cı illərin əvvəllərində başlanan münaqişə səbəbindən “susdu”.
Relslər boyu uzanan səs-küylü vaqonların yerini güllə səsləri, od və alov aldı. Ağdam viran qaldı, Xankəndiyə aparan yollar bağlandı. Dəmir yolunun keçə bilmədiyi yerdən ayrılıq və dağıntı keçdi...
Bu yol illər boyunca unudulmadı. Çünki o, bir zamanlar sülhə, inkişafa və birliyə aparan yol idi. 1979-cu ildə Heydər Əliyevin saldığı yol, bu gün onun siyasi davamçılarının iradəsi ilə yenidən dirçəlir...
2025-ci ildə Ağdam–Xankəndi dəmir yolunun tikintisinə başlanması, 2026-cı ildə isə istifadəyə verilməsi planlaşdırılır. Hazırda Ağdam–Xankəndi dəmir yolunun layihələndirilməsi işləri gedir və 2025‑də tikintiyə başlanması nəzərdə tutulur. Uzunluğu təxminən 27–28 km olan dəmir yolunun 2026‑cı ildə istifadəyə verilməsi planlaşdırılır.
Yeni nəfəs – yeni yol
2009-cu ilin iyul ayında ölkə başçısının sərəncamı ilə “Azərbaycan Dəmir Yolları” Dövlət İdarəsi ləğv edildi və onun bazasında “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti (ADY) yaradıldı. Bu mühüm qərar dəmir yollarına keçmişdən gələcəyə uzanan strateji baxış və yeni nəfəs qazandırdı. Ard-arda atılan addımlar nəticəsində əsas magistral yollar mərhələli şəkildə yenidən quruldu, elektrikləşdirmə işləri sürətləndirildi.
Bu gün Bakı–Tbilisi–Qars dəmir yolu xətti, Orta Dəhliz layihəsi, rəqəmsal idarəetmə sistemləri, yenilənmiş lokomotiv parkı, müasir stansiyalar və inkişaf etmiş logistika mərkəzləri – bütün bunlar məhz həmin qərarın uğurlu nəticəsidir.
2009–2013-cü illərdə Bakı–Böyük Kəsik dəmir yolu xəttinin yenidən qurulmasına başlandı. Bu işlərin davamı kimi Azərbaycan təkcə öz sərhədləri daxilində yox, beynəlxalq miqyasda da dəmir yolları ilə söz sahibi oldu. Əvvəllər bu yolun əsas vəzifəsi ölkə daxilində yük və sərnişin daşımaq idisə, indi bu xətt vasitəsilə Çindən Avropaya qədər uzanan ticarət karvanları Azərbaycan üzərindən keçir.
Çoxları üçün adi bir gün kimi yadda qalan 2015-ci ilin 21 sentyabrında Bakı–Sumqayıt dəmir yolu xətti üzrə müasir sərnişin qatarları ilk dəfə relslərə çıxdı və Azərbaycanın şəhərlərarası nəqliyyat tarixində yeni dövr başladı. Bu, minlərlə insanın gündəlik həyatına rahatlıq, sürət və etibarlılıq gətirdi.
Hazırda Bakı–Sumqayıt–Bakı marşrutu üzrə hər gün orta hesabla 13–15 min sərnişin daşınır. Pik günlərdə bu rəqəm 16 minə qədər yüksəlir. Bu, o deməkdir ki, hər il bu xətt üzrə 5 milyondan artıq insan səyahət edir. Hansı ki, Bakı ilə Sumqayıt arasında avtomobil yolunda pik saatlarda hərəkət 1 saat 30 dəqiqə və daha artıq çəkə bilər. Qatarla bu məsafə 35–40 dəqiqə ərzində qət olunur.
2015-ci ildə tikintisi 2007-ci il noyabrın 27-də başlayan Bakı–Tbilisi–Qars dəmir yolu xətti tamamlandı. Bu xəttlə Azərbaycan Avropanı Asiya ilə birləşdirən ən qısa və təhlükəsiz marşrutu təklif etdi. Bu, ölkəmizin strateji gücünün dəmir nişanəsi idi. Artıq Çin qatarı bu xətlə Bakıdan keçərək Avropaya uzanır.
“Mən qitələri birləşdirən körpüyəm. Təkər izlərim Avropaya uzanır...”
2018-ci ildə İsveçrənin “Stadler” şirkəti ilə əməkdaşlıq nəticəsində müasir, rahat, sürətli qatarlar alınaraq Bakı–Gəncə xətti kimi istifadəyə verildi. Əvvəllər 10 saatlıq yol olan Bakı–Gəncə marşrutu indi 4-5 saatda qət edilir.
2020-ci il Vətən müharibəsi zamanı bu marşrut orduya dəstək, humanitar yardımın çatdırılması, tibbi təxliyə baxımından önəmli arxa cəbhə nəqliyyat damarı funksiyasını da daşıyıb. Bakıdan gələn yardım və hərbi vasitələr bu xəttlə çatdırılırdı.
Qayıdışın dəmir yolu xəritəsi...
2021-ci ildə Prezident İlham Əliyev Horadiz–Ağbənd və Bərdə–Ağdam dəmir yolu xətlərinin təməlini qoydu. 110,4 km uzunluğa malik bu xətt Zəngilan, Qubadlı və Laçın rayonlarından keçməklə Ermənistanla sərhədə qədər uzanır. Layihənin ən mühüm özəlliyi gələcəkdə Zəngəzur dəhlizinə inteqrasiya olunmasıdır. Dəhliz vasitəsilə Azərbaycan Naxçıvanla birbaşa dəmir yolu bağlantısı əldə edəcək, həmçinin beynəlxalq ticarət marşrutlarına çıxış genişlənəcək.
Qeyd etmək yerinə düşər ki, Horadiz–Zəngilan-Ağbənd dəmir yolunun tikinti-quraşdırma işlərinin 63%-i bitib. Ümumilikdə 110.4 km-lik xəttin 75.6 km-i hazırdır.
Bərdə–Ağdam dəmir yolunun isə tikinti‑quraşdırılması işlərinin 95%-i tamamlanıb. Bu il mayın 10-da Prezident İlham Əliyev Bərdə -Ağdam dəmir yolunun açılışında iştirak edib.
“Mən relslərimlə ora dönəndə, Zəngilanda ilk dəfə torpaq nəfəs aldı... Azadlığın səsi qatarımın fitiylə qarışdı...”
ADY ilə gələcəyə...
2021-ci ildən sonra ADY yenidən nəfəs aldı. İllərlə yorğun düşmüş köhnə vaqonların təkərləri altında keçmişin tozu silindi, gələcəyin parlaq izləri çəkilməyə başladı. Hər qatarın səsi bir millətin iradəsində əks-səda verdi...
Biləcəri və Gəncə – bu iki qədim dəmir yolu düyünü 2022–2023-cü illərdə yenidən doğuldu. Kür və Araz çaylarının üstündən uzanan yol keçmişlə gələcək arasında qurulmuş dəmir körpülər oldu. Yevlaxdan Balakənə uzanan 164 kilometrlik yol, torpağın içindən çəkilən bir damar kimi yenidən ritm tutdu.
Qarabağa qayıdan qatarlar, Bakıdan Avropaya uzanan yük vaqonları və bölgələrə yenidən nəfəs verən relslər – bunlar Azərbaycan dəmir yollarının yeni əsrdəki simasıdır.
145 illik tarix, əslində, bir xalqın modernləşmə yolunun dəmir izidir. Bu yol yalnız şəhərləri və kəndləri deyil, dövlətçiliyi, iqtisadiyyatı və ideyanı birləşdirir...
Hər səfər bir hekayədir və ADY o səfərlərin ən səssiz, ən möhtəşəm nağılçısıdır.
Alçina Amilqızı, Bizim.Media
Yazı “Azərbaycan Dəmir Yolları” QSC və Mətbuat Şurasının “Azərbaycan Dəmir Yolları – 145 illik inkişaf yolu” mövzusundakı birgə müsabiqəsinə təqdim olunur.