Nəsimi rayonu Mir Cəlal 10 ünvanında yerləşən ərazini yenidən həşəratlar basıb.
Bu barədə Bizim.Media-ya həmin ünvanda yaşayan sakinlər şikayətləniblər. Bina sakinləri adından danışan İlhamə Kərimovanın sözlərinə görə bu problem ötən ildə də mövcud idi.
Məsələni mediada ictimailəşdirəndən sonra aidiyyəti qurumlar sakinlərin evlərinə dolan həşəratları xüsusi dərmanlar vasitəsilə məhv etdilər. Ərazi də öz növbəsində dezinfeksiya olundu.
Adiyyəti qurumlar məsələyə biganə yanaşdığı üçün həmin ərazidə eyni mənzərə yenidən yaranıb.
Ərazidə yaşayan sakinlər deyir ki, nə ərazidə dezinfeksiya işləri görülür, nə ağaclar suvarılır, nə də qurumuş ağac budaqları budanır. Ərazidə təhlükəli vəziyyət yaransa da, bu işlərə cavabdeh qurumlar tərəfindən məhəl qoyulmur. Sakinlər özləri mümkün qədər ağacların qulluğu ilə məşğul olmağa çalışır. Həşarat basmış ağacların ərazidə gün keçdikcə çoxalması problemi də öz yerində...
Növbəti dəfə sakinlər təşvişə düşüb.
Xeyli müddətdir ki, eyni mənzərə ilə qarşılaşdıqlarını deyən sakinlər artıq evlərə doluşan tırtıllarla heç cür mübarizə apara bilmədiklərindən gileyləniblər. Adiyyəti qurumların problemə ciddi yanaşıb, həşarat basmış ağacların dərmanlanmasını, ərazidə təhlükəli vəziyyət yaradan ağacların kəsilməsini istəyirlər.
Dediklərinə görə dəfələrlə Nəsimi rayonu, 77 saylı Mənzil-Kommunal İstismar Sahəsinə və Bakı şəhər Yaşıllaşdırma Təsərrüfat Birliyinə müraciət ediblər.
Amma heç bir tədbir görülmür.
Məsələ ilə bağlı Bakı şəhər Yaşıllaşdırma Təsərrüfat Birliyinə sorğu ünvanlasaq da, qurum tərəfindən heç bir açıqlama verilmədi.
Gülər Həsənli, Bizim.Media