Uşaqların dini geyimlərə məcbur edilməsi ilə bağlı cəmiyyətdə vaxtaşırı müzakirələr yaranır. Xüsusilə azyaşlı qızların hicaba məcbur edilməsi məsələsi həm dini, həm hüquqi, həm də pedaqoji baxımdan aktual mövzulardandır. Halbuki İslamın özündə "dində məcburiyyət yoxdur" prinsipi Quranın əl-Bəqərə, 256-cı ayəsində açıq şəkildə vurğulanır.
Bəs hüquqi məsuliyyət yaradırmı?
Məsələ ilə bağlı Bizim.Media-ya açıqlamasında ilahiyyatçı Tural İrfan bildirib ki, İslam dini heç bir şəxsin, o cümlədən uşağın məcburiyyətə əsaslanan dini davranışlara cəlb olunmasını düzgün saymır.
Onun sözlərinə görə, dində ibadət və geyim məsələləri tərbiyə və təlim yolu ilə öyrədilməlidir, zorla məcbur etmək İslamın mahiyyətinə ziddir:
“Həddi-büluğa çatmayan uşağa nə namaz, nə oruc, nə də hicab vacib deyil. Bu yaşda olan qız uşaqlarının hicab geyinməsi hüquqi məsuliyyət yaratmır, çünki insan geyimdə azaddır. Lakin orta məktəb və digər məcburi təhsil müəssisələrinin geyim qaydalarına uyğun hərəkət etmək qanunla tənzimlənir. Standart məktəb formasından imtina müəyyən inzibati məsuliyyət doğura bilər”- deyə ilahiyyatçı bildirib.
Tural İrfan qeyd edib ki, İslam dini insanlara abırlı və həyalı geyinməyi tövsiyə edir:
“Dinimiz nə ərəb adətləri kimi insanın üz-gözünü tam örtməyi, nə də Avropa meyllərində olduğu kimi yarıçılpaq gəzib həyanı itirməyi tələb edir. Orta yol əsasdır. Ümumiyyətlə, Şərq mədəniyyətində – istər Çində, Yaponiyada, istərsə də türk toplumlarında qadınlar tarixən abırlı geyim tərzinə üstünlük veriblər”.
İlahiyyatçı həmçinin bəzi radikal dini qrupların və xaricdən təsirlənən cərəyanların təbliğatına da toxunub:
“Bəzi dairələr iddia edir ki, məktəblərdə oğlan və qızların bir yerdə təhsil alması düzgün deyil, qızlar məktəbdən çıxarılmalı və tam örtülü – niqablı şəkildə gəzməlidir. Bu yanaşma dini yanaşma deyil və İslamın mahiyyətinə ziddir.”
Tural İrfan vurğulayıb ki, əgər bir şagird öz seçimiylə, anlayaraq hicaba üstünlük verirsə və bu geyim tərzi milli dəyərlərlə uzlaşırsa, ona da qadağa qoymaq doğru deyil:
“İnsanların geyim, yemək və digər şəxsi həyat məsələlərinə həddindən artıq müdaxiləsi cəmiyyətdə gərginlik yaradır. Doğru maarifləndirmə olmalıdır ki, həm valideynlər, həm də uşaqlar dinin və qanunun sərhədlərini düzgün anlaya bilsin”, - deyə o, diqqətə çartdırıb.
Aygün Hüseyn, Bizim.Media