Bu gün Dövlət İmtahan Mərkəzi (DİM) ali və ya orta ixtisas təhsil müəssisələrinə qəbul olmaq üçün sənəd verən, lakin mayın 4-də keçirilmiş Azərbaycan dili imtahanında iştirak etməyən və ya iştirak edib “qeyri-məqbul” qiymət alan cari və əvvəlki illərin abituriyentləri, eləcə də buraxılış imtahanı çərçivəsində ümumi (9 illik) və tam (11 illik) orta təhsil səviyyəsi üzrə mayın 4-də imtahanda iştirak etməyən cari ilin məzunları üçün Azərbaycan dili fənni üzrə test imtahanı (ikinci cəhd) keçirəcək.
DİM-dən Bizim.Media-ya bildirilib ki, imtahan Bakı və Naxçıvan şəhərlərində 7 binada təşkil olunacaq və saat 10:00-da başlanacaq. Saat 09:45-də buraxılış rejimi başa çatacaq və bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmaycaqlar. İmtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək lazımdır.
Test imtahanında 30 tapşırıq təqdim olunacaq:
- dinləyib-anlamaya dair 1 mətn və mətnə aid 4 tapşırıq (3 qapalı və yazılı şəkildə cavablandırılması tələb olunan açıq tipli 1 tapşırıq);
- dil qaydaları üzrə bilik və bacarıqların yoxlanması üçün 10 qapalı tipli tapşırıq;
- oxuyub-anlamaya dair 2 mətn və hər mətnə aid 8 tapşırıq (7 qapalı və yazılı şəkildə cavablandırılması tələb olunan açıq tipli 1 tapşırıq).
İmtahanın müddəti 1 saat 30 dəqiqədir.
İmtahanın idarə olunması üçün 7 ümumi imtahan rəhbəri, 17 imtahan rəhbəri, 128 nəzarətçi ayrılıb, 20 buraxılış rejimi əməkdaşı (mühafizə), 7 bina nümayəndəsi ayrılıb.
Bugünkü imtahanda 6 nəfər sağlamlıq imkanları məhdud şagird (abituriyent) də iştirak edəcək. Onların rahat şəkildə imtahan verməsi üçün imtahan binalarında xüsusi zallar ayrılıb, orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə gözdən əlilliyi müəyyən edilmiş şəxslərə isə fərdi nəzarətçilər təyin edilib.
Bizim.Media