Yeni bir araşdırma göstərib ki, tez-tez pis yuxu görən insanlarda erkən ölüm riski üç dəfə daha yüksəkdir.
Bizim.Media "Ntv”yə istinadən xəbər verir ki, İngiltərədə Dr. Abidemi Otaikunun rəhbərlik etdiyi araşdırma yaş, cinsiyyət və etnik mənsubiyyətindən asılı olmayaraq, tez-tez pis yuxu görən şəxslərdə sürətli yaşlanma prosesinin geniş yayıldığını üzə çıxarıb.
Bu bioloji yaşlanmanın böyüklərdə erkən ölüm riskinin təxminən 40%-ni təşkil etdiyi müəyyən edilib.
Dr. Otaiku bu əlaqənin iki əsas səbəbi ola biləcəyini bildirib.
Birincisi, pis yuxuların uzunmüddətli stres hormonu olan kortizolun yüksək səviyyədə ifraz olunmasına səbəb olmasıdır.
İkincisi isə yuxunun tez-tez bölünməsi nəticəsində bədənin gecə boyunca həyata keçirdiyi hüceyrəvi bərpa proseslərinin pozulmasıdır.
Mütəxəssisə görə, yuxuda olduğumuz zaman beynimiz gördüklərimizi real həyatdan ayırd edə bilmir. Buna görə də pis yuxu gördükdə tərləmiş, nəfəs-nəfəsə qalmış və ürəyimiz sürətlə döyünərək ayılırıq. Çünki bu zaman bədəndə "döyüş ya da qaç" reaksiyası işə düşür.
Dr. Otaiku bildirir ki, yaxşı bir yuxu gigiyenası yaratmaq, stresi idarə etmək, narahatlıq və ya depressiya kimi problemlərlə bağlı peşəkar dəstək almaq və qorxu tərkibli filmlərdən uzaq durmaq pis yuxuların qarşısını almaqda təsirli ola bilər.
Bizim.Media