Manipulyasiya bir şəxsin duyğu, düşüncə və davranışlarını, adətən öz maraqları naminə təsirləndirmək və yönləndirmək prosesidir. Xroniki manipulyatorlar qurduqları münasibətləri nəzarət və güc vasitəsinə çevirərək ətraflarındakı insanlara hökmranlıq etmək məqsədi güdürlər.
Bizim.Media "Ntv"yə istinadən manipulyasiya ilə mübarizənin yollarını təqdim edir.
Psixoloq Jamie Cannona görə, manipulyasiyanı fərq etmək çox zaman çətindir, çünki istifadə olunan taktikalar adətən münasibət dinamikalarına əsaslanır və açıq şəkildə tanınmır.
Mütəxəssislərə görə, manipulyasiyaya qarşı durmağın bəzi təsirli yolları mövcuddur.
1. Reaksiya verməmək
Manipulyatorların əsas məqsədi sizi emosional təsir altına salmaq və nəticədə istədiklərini etdirməkdir. Lakin emosional reaksiya vermədikdə – yəni onların söz və hərəkətlərinin sizi təsirləndirdiyini göstərmədikdə onların bu strategiyası boşa çıxa bilər. Əlbəttə, duyğularınızı basdırmaq lazım deyil, sadəcə onları içərinizdə yaşayıb xaricə vurmayaraq özünüzü qoruya bilərsiniz.
2. Qəti sərhədlər qoymaq
Manipulyatorlar sərhədlər qoyulduqda onları pozmağın yollarını axtarırlar. Əvvəlcə kiçik addımlarla sizi sınayırlar, uğur qazansalar daha da irəli gedirlər. Bunu əngəlləməyin yolu – sərhədlər pozularsa nə edəcəyinizi əvvəlcədən açıq şəkildə ifadə etməkdir.
3. Zərurət olduqda uzaqlaşmaq
Hər vəziyyətdə mümkün olmasa da, xroniki manipulyatorlarla əlaqəni tamamilə kəsmək bəzən ən sağlam seçim ola bilər. Sakit şəkildə uzaqlaşmaq ən təsirli yoldur. Ancaq izah verməli olsanız, “Artıq bu münasibətin bir hissəsi olmaq istəmirəm” kimi qısa və aydın cümlələrdən istifadə edə bilərsiniz.
Bizim.Media