Mütəxəssislər hesab edirlər ki, pəhriz və məhdudiyyətlərlə özünüzü yormağa ehtiyac yoxdur. Sadə yemək üsulundan istifadə etmək arıqlamaq üçün kifayətdir.
Bizim.Media xəbər verir ki, ABŞ-dan olan tədqiqatçılar pəhriz və məhdudiyyətlər olmadan qan şəkərinin səviyyəsinə təsir göstərməyin sadə yolunu kəşf ediblər.
Sadəcə olaraq, müxtəlif qidaların qəbulunun sırasını dəyişdirməliyik. Bu piylənmə və həddindən artıq yeməklə mübarizə üçün yeni strategiya ola bilər.
Professor Maykl Snayderin rəhbərlik etdiyi tədqiqatçılar qrupu qida maddələrinin istehlak qaydasının qan şəkərinin səviyyəsinə necə təsir etdiyini öyrənib. Əsas diqqət zülallar, liflər, yağlar və karbohidratlar üzərində olub. Təcrübədə 55 könüllü iştirak edib. Onlardan bəzilərində 2-ci tip diabetin inkişaf riskini artıran prediyabet əlamətləri aşkar edilib. Onlara sürətli karbohidratlar mənbəyi kimi xidmət edən düyü ilə eyni yeməyi təqdim ediblər. Lakin əvvəlcə kiçik hissələrdə lif, zülal və ya yağ verilib.
Nəticələr göstərib ki, əgər iştirakçılar karbohidratlar istehlak etməzdən əvvəl lif və ya zülal yeyəndə qan şəkərindəki sıçrayış əhəmiyyətli dərəcədə aşağı olur. Yağlar qlükoza səviyyəsini aşağı salmasa da, yüksəlmə sürətini yavaşladıb, bu da maddələr mübadiləsinə müsbət təsir edib.
Tədqiqatçıların fikrincə, qan şəkərinin səviyyəsinin kəskin dəyişməsi piylənmənin və iştahanın artmasının əsas amillərindən biri hesab olunur. Qlükoza sürətlə yüksəldikdən sonra, adətən, kəskin bir düşmə olur, bu da güclü aclıq hissi və yenidən bir şey yemək istəyinə səbəb olur.
Professor Snayder deyir ki, qızartma yeməklərdən əvvəl salat və ya burger yeyin. Onun sözlərinə görə, bu sadə dəyişiklik insanlara iştahlarını idarə etməyə, qidaları daha yaxşı həzm etməyə və metabolik pozğunluqların inkişaf riskini azaltmağa kömək edə bilər.
Surxay Atakişiyev, Bizim.Media