Məktəblərdə tətil dövrü şagirdlər üçün istirahət və yenilənmə imkanı yaratsa da, bu dövrün yalnız əyləncə ilə keçməsi onların gələcək təhsil inkişafına təsir edə bilər. İstirahət və öyrənmə arasında düzgün bir tarazlıq yaratmaq, şagirdin təhsil motivasiyasını artırmağa, zehni inkişafını davam etdirməyə və gələcək dərs dövrünə yaxşı hazırlıq etməyə kömək edən amillərdəndir. Tətil dövründə şagirdlərə verilən balanslı rejim,onları həm istirahət etməyə, həm də öyrənməyə təşviq etməli və təhsildən tamamilə uzaqlaşdırmamalıdır.
Maraqlıdır, tətil zamanı şagirdlərin təhsilini dəstəkləyən nə kimi maraqlı üsullar tətbiq oluna bilər?
Mövzu ilə bağlı Bizim.Media-ya danışan təhsil eksperti Ramin Nuraliyev bildirib ki, tətildə istirahət edərkən dərsləri də unutmamaq lazımdır:
“Şagirdlər tətil dövründə müəyyən qədər istirahətə vaxt ayırmalıdır, xüsusən də ailələr bunu övadları üçün təşkil etməlidir. Amma universitetə hazırlaşan abituriyentlər yay tətili müddətində istirahət etməlidi. Bununla bağlı valideynlərin lazimi tədbirləri görməsi yaxşı olar.Amma bütün tədris müddətində dərsləri ilə fəal məşğul olan şagirdin tətil boyu dərslərinə vaxt ayırmaması da doğru deyil. Şagirdlərin 3 ay tətil boyu dərsləri ilə məşğul olmaması biliklərinin bir qisminin unudulmasına səbəb ola bilər”.
Ekspert şagirdlərə tövsiyə edib ki, şagirdlər tətil zamanı dərsləri təkrarlayaraq beyinlərini aktiv saxlamalıdırlar:
‘’Şagirdlər tətil boyu qısaca təkrarlara yer versinlər. Ağır rejimlə deyil, hissə-hissə olaraq dərsləri ilə məşğul ola bilər. Mütəmadi oxumaq alışqanlığını özündə formalaşdıran şagirdlər əgər tədrisdən kənarlaşarlarsa, onların bu alışqanlıqları zərər görə bilər. Oxumaq vərdişi zəiflədiyi anda həm yaddaş unutğanlığı, həm də tənbəllik yarana bilər.Ona görə də tətilin bir qismini təkrarlara, bədii ədəbiyyat oxumağa həsr etsələr, beyni yormayacaqlar”.
Gülər Həsənli, Bizim.Media