Fövqəladə Hallar Nazirliyinin yaranmasının 20 illiyinə həsr edilən “Gənc xilasedici” Beynəlxalq yarışına və “Gənc xilasedici və yanğınsöndürən” Ümumrespublika birinciliyinin final mərhələsinə start verilib.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, builki yarışlarda Azərbaycanla yanaşı Rusiya, Qazaxıstan, Özbəkistan və Belarusdan olan komandalar da iştirak edir.
Yarışların təşkilat komitəsinin üzvü Məhbubə Mustafayevanın Bizim.Media-ya verdiyi məlumata əsasən keçirilən yarışlar yetişməkdə olan gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi, məktəblilərdə fövqəladə hallarla mübarizə sahəsində əməli vərdişlərin formalaşması və bu istiqamətdə beynəlxalq əməkdaşlığın daha da genişləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.
Qeyd edək ki, Ümumrespublika birinciliyinin final mərhələsində 12 rayon və şəhərin komandaları birincilik uğrunda mübarizə aparacaq. Həmçinin, respublikanın müxtəlif bölgələrindən olan şəhid ailələrinin üzvləri builki yarışa dəvət olunub. Onların asudə vaxtlarının səmərəli təşkil olunması üçün əlavə proqramların keçirilməsi nəzərdə tutulur.
Yarışlar iyunun 29-na kimi davam edəcək.
Tural Rasimoğlu, Bizim.Media, Şimal-Qərb bürosu