Süni intellekt modelləri duyğuları insanlardan daha yaxşı anlaya bilirmiş.
Bizim.Media xəbər verir ki, İsveçrənin Cenevrə Universiteti (UNIGE) və Bern Universiteti (UniBE) tərəfindən aparılan yeni araşdırmaya görə, ChatGPT-4, Gemini 1.5, Claude 3.5 Haiku və Copilot 365 kimi bəzi əsas modellər emosional intellekt testlərində insanlardan üstün olub.
Communications Psychology jurnalında dərc edilən araşdırmaya görə, süni intellekt modelləri duyğu tanımında 81 faiz özünü doğruldub, insanların orta uğuru isə 56 faiz təşkil edib.
Bundan əlavə, ekspertlər ChatGPT modellərinin bu testlərin parametrlərinə uyğun yeni suallar yarada biləcəyini və bu sualların orijinal suallar qədər çətin olduğunu təsdiqləyiblər.
İnsan öz yaratdığına həsəd aparır
Tədqiqatın nəticələri maraqlı olsa da, bəzi ekspertlər süni intellektin duyğuları həqiqətən anladığını söyləməyin çox iddialı olduğunu söyləyirlər. Onlar belə hesab edirlər ki, süni intellekt yalnız statistik olaraq ən çox gözlənilən cavabı seçib verir. Yəni süni intellekt emosional nümunələri tanımaqda əladır. Lakin bunu insan empatiyası ilə qarışdırmaq olmaz.
Buna baxmayaraq, süni intellektin bu sahədə uğuru bəzi tətbiqlərdə diqqətəlayiqdir. Məsələn, Braziliyada 6000-dən çox uzun məsafəli yük maşını sürücüsü tərəfindən istifadə edilən süni intellekt Ailton səsli mesajlardakı stress, qəzəb və kədəri 80 faiz dəqiqliklə (insanlardan təxminən 20 bal çox) aşkar edib. Hətta bir sürücünün həmkarının ölümü ilə bağlı emosional səsli mesajını aldıqdan sonra ona dəstək olub, sakitləşdirici sözlər deyib. Sonra isə şirkətin menecerlərinə xəbərdarlıq edərək sürücünü bu vəziyyətdə işə buraxmamağı, psixoloji dəstək lazım olduğunu təklif edib.
Şəfiqə Şəfa, Bizim Media