Çin Xalq Respublikasına səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti ölkənin ən nüfuzlu media orqanlarından biri olan “Jenmin Jibao” qəzetinin redaksiyasında olub.
Bizim.Media xəbər verir ki, qəzetin rəhbərliyi ilə görüşdə Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə media sahəsində geniş və ardıcıl islahatlar həyata keçirildiyini, bu islahatların əsas məqsədinin müasir çağırışlara cavab verən, dayanıqlı və cəmiyyətin inkişafında fəal rol oynayan media mühitinin formalaşdırılması və gücləndirilməsi olduğunu deyib.
O qeyd edib ki, Azərbaycanda həm onlayn, həm də ənənəvi media subyektlərinin fəaliyyətinə dövlət tərəfindən kompleks dəstək göstərilir, xüsusilə çap mediasının rəqəmsal transformasiyası istiqamətində mühüm layihələr icra olunur.
“Jenmin Jibao” qəzetinin prezidenti Yu Şaolian rəhbərlik etdiyi media qurumunun tarixi və fəaliyyəti barədə geniş məlumat verib. Bildirib ki, qəzet təkcə çap versiyası ilə deyil, eyni zamanda müxtəlif rəqəmsal platformalar vasitəsilə də milyonlarla izləyiciyə informasiya çatdırır. O, iki ölkə arasında hərtərəfli strateji tərəfdaşlığın qurulmasının media sahəsində də öz nəticələrini verəcəyinə əminliyini ifadə edib.
Yu Şaolian “Jenmin Jibao” qəzetinin AZƏRTAC ilə qarşılıqlı faydalı əməkdaşlığından söz açıb, qəzetin layihələrinə verdiyi dəstəyi yüksək qiymətləndirib.
Görüşdə Çin Xalq Respublikasının 2013-cü ildə irəli sürdüyü və Avrasiya ölkələri arasında infrastrukturun inkişafı, qarşılıqlı əlaqələrin gücləndirilməsi məqsədi daşıyan “Kəmər və Yol” təşəbbüsü barədə fikir mübadiləsi aparılıb, layihənin beynəlxalq əməkdaşlığa verdiyi töhfəyə diqqət çəkilib.
Bizim.Media