Xaçmazda Vətən müharibəsinin şəhidi Elşən Ağasiyevin qardaşı, Sənan Ağasiyevin toy məclisi olub.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, Xaçmaz rayon icra başçısı Elnur Rzayev, Yeni Azərbaycan Partiyası Xaçmaz Rayon Təşkilatının sədri Məhəmməd Balaqadaşov, şəhid ailələri, qazilər, ictimaiyyət nümayəndələri və bəyin qohumları toy məclisində iştirak ediblər.
İcra başçısı Elnur Rzayev ailəni səmimi qəlbdən təbrik edərək, gənclərə möhkəm təməl üzərində qurulmuş xoşbəxt və uzunömürlü ailə həyatı arzulayıb. O, şəhid Elşən Ağasiyevin əziz xatirəsini ehtiramla yad edib və onun timsalında bütün şəhidlərimizin göstərdiyi qəhrəmanlığın xalqımızın qürur mənbəyi olduğunu vurğulayıb. Həmçinin, şəhid ailələrinə dövlət tərəfindən göstərilən diqqət və qayğının əsas prioritetlərdən biri olduğunu qeyd edib.
Toy məclisi milli adət-ənənələrimizə uyğun olaraq şən mahnılar və rəqslərlə davam edib.
Vətən müharibəsi şəhidi Elşən Ağasıyev 22 sentyabr 1999-cu ildə Xaçmaz şəhərində anadan olub. O, müharibə başlamazdan 5 ay əvvəl hərbi xidmətə yola düşüb. Elşən döyüşlərin ilk günlərində yaralansa da, ön cəbhəni tərk etməyib və savaşa davam edib. İgidimiz Suqovuşan uğrunda gedən şiddətli döyüşlərdə şəhid olub.
Elşən Ağasıyev Vətən müharibəsində göstərdiyi igidlik və qəhrəmanlıqlara görə ölümündən sonra “Laçının azad olunmasına görə”, “Suqovuşanın azad olunmasına görə”, “Vətən uğrunda” və “İgidliyə görə” medalları ilə təltif edilib.
Elşən Ağasıyevin atası I Qarabağ savaşında 4 il könüllü döyüşüb.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu