Xəbər verdiyimiz kimi, bir neçə gün əvvəl Azərbaycanda akkreditə olunmuş diplomatik korpus nümayəndələri (səfirlər və müşavirlər) işğaldan azad edilmiş şəhər və rayonlara səfər ediblər.
Bizim.Media “qafqazinfo.az”a istinadən xəbər verir ki, əvvəllər dəfələrlə dəvət olunmasına baxmayaraq, Fransa səfirinin budəfəki səfərdə iştirak etməsi diqqəti çəkib.
MÖVZU İLƏ BAĞLI:
Fransa səfiri Laçında alış-veriş edərkən görüntüləndi – VİDEO
Məlumata görə, Fransanın Azərbaycandakı səfiri Ann Buayon Qarabağa diplomatik korpusun səfərinə çağırılmayıbmış. Belə ki, əvvəllər dəvət olunsa da, bu ölkənin səfiri Qarabağa səfərlərdə iştirak etmir və Şuşaya getmirdi. Eyni zamanda Azərbaycan səfiri də 8 Mayda Parisda 2-ci Dünya müharibəsi paradı keçirilən zaman Makron administrasiyası tərəfindən həmin mərasimlərə dəvət olunmamışdı. Lakin Fransa səfiri Ann Buayon çağırılmasa da, budəfəki səfərə öz təşəbbüsü ilə qoşulub.
Xanım səfirin Şuşada verdiyi açıqlamalar da maraqla qarşılanıb. Onun “Şuşa Azərbaycan mədəniyyətini başa düşməyə, anlamağa imkan verən bir şəhərdir” sözləri Qarabağın tarixi Azərbaycan torpaqları olmasının bir növ növbəti təsdiqidir. Axı mədəniyyət yalnız tarixi bağlılıq olan yerdə formalaşa bilər. Bu baxımdan Ann Buayonun Qarabağdan verdiyi mesajlar, tikinti-bərpa işlərinə heyran qalmasını bildirməsi çox əhəmiyyətlidir.
Qeyd edək ki, diplomatların Qarabağa səfəri təyyarə ilə Laçın hava limanından başlayıb ki, bu da böyük məna ifadə edir. Fransa səfirinin də yer aldığı diplomatik korpus üzvləri Laçın və Şuşadan sonra Xankəndidən keçməklə Ağdamda olublar.
Bütün bunlar Azərbaycanın uzun müddət apardığı haqlı mübarizəsinin yaratdığı reallıqdır və bu reallığı artıq Fransa da qəbul etməkdədir.
Bizim.Media