Yay fəsli təqvimə görə artıq başlayıb. Amma insanlar bunu nə geyimlərində, nə də gündəlik həyatlarında tam hiss edə bilirlər. Gözlənilən isti və günəşli havaların əvəzinə, bəzən sərin küləklər, bəzən də qeyri-sabit hava şəraiti müşahidə olunur.
Bəs bunun səbəbi nədir?
Bizim.Media xəbər verir ki, mövzu ilə bağlı Ölkə.az-a danışan ekoloq Qorxmaz İbrahimlinin fikrincə, iqlim dəyişikliyinin mütləq təsiri var və bu, özünü göstərir.
Onun sözlərinə görə, amma belə hallar iyun ayına xasdır:
“İllərlə təkrarlana bilən haldır. Bundan bir neçə il əvvəl də iyun ayı belə sərin keçdi. Daxil olan atmosfer sirkulyasiyası nəticəsində atmosferdə baş verən proseslər, alçaq, yüksək təzyiq zonalarına soyuq havaların daxil olması nəticəsində bizim mülayim qurşağa yağıntılı, sərin havalar girir. Demək olar ki, regionlarımızda da, dağlıq, dağətəyi rayonlarımızda böyük yağıntılar, sel də gördük. Ona görə bundan narahat olmağa dəyməz.
Təbii ki, iqlim dəyişikliyinin təsiri öz yerini göstərməkdədir.
Baxsanız, bir neçə il əvvəl də belə olub. Ümumiyyətlə, on ildən bir və yaxud da beş ildən bir müxtəlif dəyişikliklərin biz şahidi oluruq”.
Bizim.Media