2024-2025-ci tədris ili üzrə Respublika fənn olimpiadaları qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.
Bizim.Media xəbər verir ki, mərasimdə Elm və Təhsil naziri Emin Əmrullayev, millət vəkilləri, bir sıra dövlət qurumlarının, təhsil müəssisələrinin və media orqanlarının rəhbərləri, tanınmış ziyalılar, təhsil ekspertləri, münsiflər heyətinin üzvləri iştirak ediblər.
Tədbir Azərbaycan Dövlət himninin səsləndirilməsi ilə başlayıb. Vətən Müharibəsi uğrunda canından keçən şəhidlərin xatirəsi sükutla yad edilib.
Daha sonra Elm və Təhsil naziri Emin Əmrullayev çıxış edərək qalibləri təbrik edib.
"Olimpiadalar hər il böyük həvəs və maraqla keçirdiyimiz tədbirlərdən biridir. Çünki qalib olmaq sözün əsl mənasında bu və ya digər fənn üzrə bilik və bacarığı, xüsusi istedadı ilə fərqlənmək deməkdir. Eyni zamanda böyük məsuliyyətdir. Bu, sadəcə fərdi deyil, ictimai yük daşıyır. Bilik və bacarıqlarını düzgün istifadə edib qalib olan şagirdləri təbrik edirəm. Öz xalqınız üçün yararlı işlər görməyinizi arzu edirəm. Təhsil işçiləri olaraq inanırıq ki, uşaqların bünövrəsi, müəllimləri valideynləridir. Ona görə valideynləri və müəllimləri bu münasibətlə təbrik edirəm. Çünki onların əməyi əvəzsizdir".
Onun sözlərinə görə, olimpiadalar təhsilə yeni bir nəfəs gətirib.
"Əvvəllər min nəfəri əhatə edirdisə, bu gün 80 min şagird cəlb olunub. Yarışlarda bütün iştirakçılar qalibdir. Onlar həyatlarının növbəti mərhələlərində olimpiadalarda qazandığı təcrübələrdən faydalanacaqlar. İstedları gənclərin vaxtında ortaya çıxarılması bizim üçün vacib prioritetlərdən biridir. İstənilən sahədə bilik və bacarıqlı kadrların olması taleyüklu hadisələr zamanı çox önəmli olur. Həm COP29, həm də Vətən müharibəsi dönəmində düzgün qərar verilməsi nəticəsində şahid olduq ki, bu, milli qalibiyyətə səbəb olur. Fənn müsabiqələrinin mahiyyəti ondan ibarətdir ki, artıq bəlli bir yaşda uşaqlar arasında motivasiya və rəqabət yaratmaqdır. Növbəti mərhələ lisey və gimnaziyalardır".
O qeyd edib ki, bu ildən etibarən bölgələrdə lisey və gimnaziyalar yaradılacaq.
"Fizika -riyaziyyat təlayümlü olan məktəblər özünü doğruldur. Düşünürəm ki, biraz da dərinə getməliyik. Biz öz istedadlı gənclərimizi sadəcə olaraq ali məktəblərə qəbul üçün sərhədləndirməməliyik. Onlar yaxşı mənada daha çox yükün altına girməyə qadirdirlər. 10 ildir edilən ən böyük dəyişikliklərdən biri də fənn olimpiadalarının keçirilməsi ilə bağlıdır",- deyə o vurğulayıb.
Mərasimdə Respublika Fənn Olimpiadaları iştirakçılarının və onların müəllimlərinin bilik yarışmasının təşkili və keçirilməsi ilə bağlı təəssüratlarının əks olunduğu videoçarx nümayiş edilib.
Daha sonra fənn olimpiadasında qızıl, gümüş və bürünc medal qazanan qaliblər mükafatlandırılıb.
Tədbir bədii kompazisiyalarla davam edib. Bakı Xoreoqrafiya Akademiyasının tələbələri "Odlar Yurdu" rəqsi ilə çıxış ediblər.
Respublika fənn olimpiadaları 8 fənn üzrə 8-11-ci sinif şagirdlərinin iştirakı ilə həyata keçirilib.
Məktəblilər ümumilikdə 95 qızıl, 170 gümüş və 249 bürünc medal qazanıb.
Olimpiadaların təşkil edilməsində məqsəd istedadlı uşaqların aşkar edilməsi, şagirdlərdə fənlərə olan marağın artırılması, onların sağlam rəqabət mühitində öz bilik və bacarıqlarını nümayiş etdirmələrinə imkan yaradılmasından ibarətdir.
Qeyd edək ki, Respublika fənn olimpiadaları “Kapital Bank”ın baş sponsorluğu ilə həyata keçirilir.
Ayşən Rəhim, Pərviz Allahverdiyev, Bizim.Media