Bildiyimiz kimi, dünya universitetlərinin yeni reytinq siyahısı (QS World University Rankings 2026) açıqlanıb. Ümumilikdə 6 universitetimiz “QS 2026 dünyanın ən yaxşı universitetlərinin reytinqi”ndə TOP 1000-ə daxil olub. Reytinqin nəticələrinə əsasən, Azərbaycan Cənubi Qafqaz regionunda lider mövqedədir və ölkəmizdən reytinqə daxil olan universitetlərin sayı Cənubi Qafqazın digər dövlətlərindən reytinqə düşən universitetlərin toplam sayından 3 dəfə çoxdur.
Dünya ölkələrini əhatə edən ali təhsil ocaqlarının reytinq siyahısında Bakı Mühəndislik Universiteti (BMU) də ciddi irəliləyişə nail olub.
Belə ki, siyahıda dünya üzrə ilk TOP 1000-ə daxil olan BMU ötən illə müqayisədə 550 pillə irəliləyərək 901-950 aralığında qərarlaşıb.
Bizim.Media-nın əməkdaşı ali təhsil müəssisəsinin bu uğuru barədə universitetin Strategiya və Keyfiyyət təminat departamentinin rəhbəri, Sənaye Mühəndisliyi kafedrasının baş müəllimi, Horizon Europe milli ələqaləndirici, texnika üzrə fəlsəfə doktoru Sevil İmanova ilə həmsöhbət olub.
Sözügedən müsahibəni təqdim edirik:
- BMU-nun ölkənin ən gənc universitetlərindən biri olaraq QS Reytinqinə daxil olması necə mümkün oldu?
- BMU-nun 2016-cı ildə təsis olunmasına baxmayaraq, qısa müddətdə QS World University Rankings kimi nüfuzlu bir reytinqdə yer alması universitetin strateji idarəetməsinin, akademik dayanıqlığının və beynəlxalq baxışının nəticəsidir. Bu uğur planlı şəkildə qurulmuş inkişaf modelinə əsaslanır: daxili keyfiyyət təminatı sistemlərinin yaradılması, akademik heyətin elmi potensialının gücləndirilməsi, müasir tədris metodlarının tətbiqi və beynəlxalq əməkdaşlıq şəbəkəsinin genişləndirilməsi bu nailiyyətin əsas sütunlarını təşkil edir.
BMU-nun bu uğuru sübut edir ki, gənc ali təhsil müəssisəsi olmaq məhdudiyyət deyil, əksinə, çevik idarəetmə və innovativ yanaşma üçün bir fürsətdir. Universitetin dinamik kollektivi, texnologiyaya və qlobal trendlərə uyğunlaşma bacarığı bu nəticəni mümkün edib.
- Qısa zaman ərzində belə beynəlxalq tanınmaya nail olmaq üçün hansı əsas strategiyalar həyata keçirildi?
- BMU-da uğura aparan yol sistemli və mərhələli strategiyalarla qurulub. Əsas prioritetlər bunlar olub:
Tədqiqatın stimullaşdırılması: Universitet rəhbərliyi tərəfindən elmi nəşrlərə və beynəlxalq konfranslara maliyyə və metodoloji dəstək sistemləri qurulub. Nəticədə, Scopus bazasında indekslənən məqalələrin sayı son üç ildə 3 dəfədən çox artıb.
Beynəlmiləşmə strategiyası: Xarici universitetlərlə 25-dən artıq əməkdaşlıq müqaviləsi bağlanıb, fərqli beynəlxalq proqramlar çərçivəsində mobiliklər təşkil olunub. Xarici müəllimlərin cəlbi və beynəlxalq müştərək tədqiqat layihələri də bu strategiyanın tərkib hissəsidir.
Keyfiyyət və idarəetmə: Daxili monitorinq və qiymətləndirmə sistemləri yaradılıb, universitetin bütün fəaliyyətləri nəticəyönümlü göstəricilərlə idarə olunur. QS kriteriyaları əsasında indikatorlar üzrə illik təhlil və hesabatlar aparılır.
İnsan kapitalının gücləndirilməsi: Müəllim və inzibati heyət üçün təlim proqramları, rəqəmsal bacarıq artırma təşəbbüsləri və təşviq mexanizmləri tətbiq olunub.
Tələbəyönümlü yanaşma: Tələbə-müəllim nisbəti 16:1 səviyyəsində saxlanılıb və bu, fərdi yanaşma ilə yüksək tədris keyfiyyətini təmin edib.
Bu strategiyalar nəticəsində BMU qlobal reytinq sistemlərinin tələblərinə cavab verən, şəffaf və davamlı inkişaf edən bir ali təhsil modelinə çevrilib.
- Bu nəticə universitet üçün hansı mənanı daşıyır və gələcək fəaliyyətlərə necə təsir göstərəcək?
- BMU-nun QS World University Rankings 2026-da yer alması universitet üçün yalnız statistik bir uğur deyil, həm də beynəlxalq akademik ictimaiyyət tərəfindən tanınma deməkdir. Bu nəticə göstərir ki, BMU artıq qlobal səviyyədə rəqabətə davamlı, strateji baxışa malik və dayanıqlı inkişaf yoluna çıxmış bir ali təhsil müəssisəsidir.
Bu nailiyyət universitetin brend dəyərini, etibarını və cəlbediciliyini artırır. QS Reytinqi eyni zamanda universitetin öz fəaliyyətlərini ölçülə bilən, nəticəyönümlü və beynəlxalq standartlara uyğun indikatorlarla idarə etməsinin göstəricisidir.
Tələbə və məzunların diplomlarının beynəlxalq səviyyədə tanınması, məzunlar beynəlxalq məzun şəbəkələrinin bir hissəsi olaraq qlobal professional əlaqələr qurmaq imkanı əldə edirlər, xaricdə təhsilə müraciət etdikdə BMU-nun reytinqli ali məktəb kimi tanınması onların qəbul şansını artırır, beynəlxalq təhsil imkanlarının genişləməsi, tanınan bir universitetin məzunu kimi işlə bağlə müraciət etməklərini tələbə və məzunlar üçün açılan imkanlar kimi qiymətləndirə bilərik.
Eyni şəkildə bu, akademik heyət üçün beynəlxalq akademik şəbəkələrdə daha fəal iştiraka, birgə tədqiqatlara və qrant layihələrinə çıxışa şərait yaradır, nüfuzlu elmi jurnallarda dərc olunma ehtimalını və elmi tədbirlərə dəvət olunma səviyyəsini artırır, yeni metodik yanaşmalar, rəqəmsal alətlər və keyfiyyət göstəricilərinə əsaslanan fərdi inkişaf imkanları genişlənir və s. kimi sadalamaq mümkündür.
Gələcək fəaliyyətlərdə isə universitetin strateji planında artıq reytinq göstəricilərinin sistemli şəkildə monitorinqi və yaxşılaşdırılması prioritet istiqamətə çevriləcək, tədqiqat fəaliyyətləri daha məqsədyönlü və beynəlxalq meyarlara uyğun şəkildə qurulacaq, sənaye ilə əməkdaşlıq, innovasiya və rəqəmsal transformasiya sahələrinin genişlənəcəyini düşünürük.
Bu nəticə BMU-nun bir ali təhsil müəssisəsi olaraq yalnız regional deyil, qlobal miqyasda düşünən və fəaliyyət göstərən bir universitetə çevrildiyini təsdiqləyir.
- Universitet rəhbərliyi olaraq reytinqlərə daxil olmağı hədəflədiyiniz xüsusi yol xəritəniz var idimi?
- Bəli, BMU rəhbərliyi olaraq beynəlxalq reytinqlərdə iştirak və tanınma universitetimizin orta və uzunmüddətli strateji planlarında əsas prioritetlərdən biri kimi müəyyən edilmişdi. Bu istiqamətdə 2020-ci ildən etibarən reytinqlərə inteqrasiya üzrə strukturlaşdırılmış yol xəritəsi hazırlanaraq mərhələli şəkildə icra olunmağa başlanıb.
Bu yol xəritəsi Strateji planlaşdırma və indikator əsaslı idarəetmə, Tədqiqat və elmi fəaliyyətin gücləndirilməsi, beynəlmiləşmə və tərəfdaşlıqların genişləndiirilməsi, Keyfiyyət təminatı və rəqəmsal transformasiya, Reytinq üzrə xüsusi struktur bölmə və koordinasiya kimi istiqamətlər üzrə formalaşdırdı.
Bu yol xəritəsi nəticəsində BMU QS World University Rankings 2026-da yer almağı bacardı. Amma bizim üçün bu yalnız başlanğıcdır. Gələcək hədəfimiz BMU-nun reytinq göstəricilərində davamlı irəliləyişini təmin etmək və 2030-cu ilə qədər beynəlxalq akademik nüfuz göstəriciləri üzrə lider ali məktəblər sırasına daxil olmaqdır.
- Sizcə, BMU-nun bu uğuru digər yerli universitetlər, xüsusilə də yeni yaradılmış ali təhsil müəssisələri üçün hansı nümunəni təqdim edir?
- BMU-nun QS World University Rankings 2026-da yer alması, ilk növbədə, göstərir ki, ali təhsildə uğur əldə etmək üçün yalnız uzun tarix və böyük maddi resurslar deyil, strateji baxış, çevik idarəetmə, güclü komanda və nəticəyönümlü fəaliyyət əsas rol oynayır.
Bu, ölkəmizdə fəaliyyət göstərən digər gənc və inkişafda olan universitetlər üçün çox mühüm bir mesajdır:
“Düzgün struktur, məqsədyönlü fəaliyyət, düzgün seçilmiş komanda və davamlı təkmilləşmə yolu ilə beynəlxalq tanınmaya nail olmaq mümkündür.”
BMU-nun təcrübəsi bir neçə səviyyədə nümunə təqdim edir:
- Strateji idarəetmə nümunəsi
BMU göstərdi ki, ali məktəb rəhbərliyi akademik və idarəetmə fəaliyyətlərini ölçülə bilən göstəricilər əsasında planlaşdırdıqda, bu, beynəlxalq arenada da özünü doğruldur.
- Gənc universitetlərin çevikliyi
BMU-nun uğuru sübut edir ki, gənc universitetlər mövcud strukturların çevikliyindən istifadə edərək daha sürətli dəyişikliklərə gedə, innovativ yanaşmaları tətbiq edə və yeni nəsil ali təhsil modelini qura bilərlər.
- Tədqiqat və beynəlmiləşmə inkişaf modeli
BMU-nun Scopus indeksli nəşrlərdə artım dinamikası, xarici tərəfdaşlıqların genişləndirilməsi və fərqli beynəlxalq proqramlarda fəallığı yeni universitetlərə akademik nüfuzun və əməkdaşlığın paralel inkişaf etdirilməsinin mümkünlüyünü göstərir.
- Milli sistem üçün etalon
Bu nəticə eyni zamanda Azərbaycanın ali təhsil sistemində gənc və yüksələn universitetlərin yenilənmiş milli inkişaf modelində aparıcı rol oynaya biləcəyini sübut edir. BMU-nun uğuru ölkənin beynəlxalq akademik imicinə də müsbət töhfə verir.
Nəticə etibarilə, BMU-nun uğuru həm milli ali təhsil sisteminin çevik və rəqabətqabiliyyətli olduğunu, həm də yeni nəsil universitetlərin gələcəyin formalaşdırıcı qüvvəsi ola biləcəyini nümayiş etdirir.
- Qarşıdakı illərdə reytinq mövqeyinizi daha da yaxşılaşdırmaq üçün hansı sahələrdə inkişaf prioritetiniz olacaq?
- BMU olaraq beynəlxalq reytinqlərdə mövqeyimizi gücləndirmək üçün növbəti illərdə fəaliyyətimizi daha da məqsədyönlü və ölçülə bilən nəticələrə əsaslanan şəkildə davam etdirəcəyik. Bunun üçün universitetin Strateji Planında, fəliyyət planlarında bu istiqamətlər geniş şəkidlə vurqulanıb və ictimaiyyətə açıq elan ediləcək. Məqsədəmiz ölkəmizin ali təhsil müəssisələrinin adını daha da irəliyə apararaq, adımızı yüksəltməkdir. Biraz əvvəl qeyd etdiyim kimi akademik nüfuzun gücləndirilməsi, Elmi nəşrlərin Scopus və Web of Science indeksli jurnallarda dərc olunması üçün hədəfli dəstək proqramları gücləndiriləcək, Multidissiplinar tədqiqat qrupları və startap əsaslı laboratoriyalar yaradılacaq vs.
Bu sahələrdə görüləcək işlər təkcə reytinq nəticələrinin yaxşılaşdırılması üçün deyil, eyni zamanda BMU-nun dayanıqlı inkişaf, beynəlxalq inteqrasiya və innovasiya bazalı ali təhsil modeli qurmaq məqsədinə xidmət edir.
- QS Reytinqinə daxil olmaq universitet daxilində hansı motivasiya və mədəni dəyişikliklərə səbəb olub?
- BMU-nun QS World University Rankings-də yer alması universitet daxilində fərdi və institusional səviyyədə ciddi motivasiya artımına və pozitiv mədəni transformasiyaya səbəb olub. Bu uğur təkcə nəticə olaraq deyil, eyni zamanda daxili yenilənmə və inkişaf üçün bir təkan kimi dəyərləndirilir.
QS Reytinqinə daxil olmaq BMU daxilində yalnız motivasiya artımı deyil, həm də dayanıqlı inkişafı dəstəkləyən bir akademik və idarəetmə mədəniyyəti formalaşdırdı. Bu dəyişikliklər universitetin strateji hədəflərinə daha yaxın və sistemli şəkildə irəliləməsinə şərait yaradır.
Bizim.Media