Məsuliyyətli kreditləşmə və borcalma mədəniyyəti, həm bankları, həm də müştəriləri qoruyur.
Ona görə də banklar müştəri barədə məlumatları müxtəlif mənbələrdən alırlar. Risklərin düzgün qiymətləndirməsi, məsuliyyətli kreditləşmə və borcalma mədəniyyəti - bütün bunlar həm bankların, həm də cəmiyyətin təhlükəsizliyini təmin edir.
Artıq bir çox büro alternativ məlumat mənbələrindən, məsələn, mobil operatorlar, kommunal xidmətlər, e-ticarət platformalarından istifadə etməklə ənənəvi maliyyə sisteminə çıxışı olmayan şəxsləri də kredit tarixçəsinə daxil edə bilir.
Bəs banklar mobil operatordan nəyi öyrənirlər?
Mövzu ilə bağlı Bizim.Media-ya danışan hüquqşünas Əkrəm Həsənov deyir ki, banklar birbaşa mobil operatorlara müraciət etmir:
“Sadəcə olaraq banklar müştərilərin yazılı razılığı ilə Kredit Bürosuna müraciət edir. Hamımızın kredit tarixçəsi orada formalaşır. Kredit Bürosuna da banklar, bank olmayan kredit təşkilatları, mobil operatorlar, mallarını nisyə satan ticarət şəbəkələri məlumat verir. Beləcə, bizim onların qarşısında götürdüyümüz öhdəlikləri necə yerinə yetirdiyimizi öyrənirlər.
Məsələn, mobil operatorlarla necə işlədiyimiz bəzən əsas ola bilir. Tez-tez telefon nömrəsi dəyişən, sabit tariflərdən faydalanmayan müştərilər qeyri-ciddi qəbul olunur. Banklar da bu məlumatlardan yararlanaraq müraciət edən şəxs barədə ümumi bir fikir formalaşdırır”.
Surxay Atakişiyev, Bizim.Media