“Gilas bu il yox dərəcəsindədir”.
İqtisadiyyatında meyvəçilik əsas yer tutan Xaçmaz rayonundan olan fermerlər bu fikirdədir.
Belə ki, rayonda meyvəçiliyin vətəni sayılan Qoçaqlı və Pirquluoba kəndlərində keçən illə müqayisədə məhsulun yox dərəcəsində olduğunu öyrəndik.
Məlumata görə, bu il havanın qeyri-sabit keçməsi meyvəçilikdə məhsulun səviyyəsini heçə endirdi. Bu səbəbdən həm yerli, həm də paytaxt bazarlarında gilasın qiyməti bahalaşıb.
Xaçmaz Dövlət Aqrar İnkişaf Mərkəzində də meyvəçilərin dedikləri təsdiqləndi.
Qurumun bitkiçilik sektorunun müdiri Altay Hacəliyev Bizim.Media-ya məlumat verib ki, bu rayonda 4500 hektar gilas bağında bu il məhsul çox aşağı, demək olar ki, yox dərəcəsindədir.
Onun sözlərinə görə, keçən il rayonda 25000 ton gilas yığılmışdı, bu il heç həmin miqdarın yarısı da olmayacaq.
Altay Hacəliyev məhsulun zəif olmasını martın sonu və aprel ayında müşahidə edilən qeyri-sabit, hava şəraiti ilə əlaqələndirib:
"Qeyri-sabit hava meyvəni bu il iflic etdi. Meyvə ağaclarında mayalanma üçün yaranan tozcuqları hava zay elədi, mayalanma və çiçəkləmə tam getmədi."
Xaçmaz Dövlət Aqrar İnkişaf Mərkəzinin sektor müdiri Altay Hacəliyev bildirdi ki, gilas yığımına iyun ayının əvvəllərində başlanılsa da dəqiq statistika aparmaq hələ mümkün olmayıb:
“Yığımın sonunda konkret rəqəm deyəcəyik, yəqin ki, çox aşağı göstərici olacaq".
Qurum rəsmisi deyib ki, indi pərakəndə halda davam edən gilas yığımında meyvənin kiloqramı yerində 6 manata satılır, bunu kəndlinin özü müəyyən edir.
Bu səbəbdən yerli və Bakı bazarlarında gilasın qiyməti kəllə-çarxa çıxıb. Bakıda hətta gilasın kiloqramı 10-12 manata da satılıb.
Onun sözlərinə görə, təbiətin bu xoşagəlməz sürprizinin qarşıdakı illərdə təkrarlanmamasına ümid və dua edək ki, bir də meyvə qıtlığından yaranan bahalıq yaşamayaq.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu