İyunun 24-də “Azərbaycan Dəmir Yolları” QSC (ADY) və Azərbaycan Turizm Bürosu (ATB) arasında turizm sahəsində əməkdaşlığa dair saziş imzalanıb. Sazişi ATB tərəfindən İdarə Heyətinin sədr müavini Rəşad Əliyev, ADY tərəfindən isə sədr müavini Arif Ağayev imzalayıb.
Saziş çərçivəsində turizmdə əlçatanlıq və infrastrukturun inkişafı, turizm məhsulları və təcrübələrinin təkmilləşdirilməsi, rəqəmsallaşma və marketinq sahələrində birgə fəaliyyət nəzərdə tutulur. Əməkdaşlıq həmçinin turizm sənayesinin inkişafı və keyfiyyət standartlarının artırılmasını hədəfləyir.
ADY sədrinin müavini Arif Ağayev bildirib ki, saziş çərçivəsində müəyyənləşdirilmiş istiqamətlərin keyfiyyətli icrası üçün hər iki qurum koordinasiyalı fəaliyyət göstərəcək. O, həmçinin əməkdaşlığın regionlarda turizmin əlçatanlığını artıracağını, turizm sektorunun müxtəlif sahələrinin bir-biri ilə daha sıx əlaqələndiriləcəyini və yeni iş yerlərinin yaradılmasına töhfə verəcəyini vurğulayıb.
Birgə fəaliyyət planına əsasən, dəmiryol stansiyalarında turizm məlumat məntəqələri və lövhələrinin quraşdırılması, turizm resursları barədə məlumatlılığın artırılması və bu məlumatların daha əlçatan edilməsi planlaşdırılır. Eyni zamanda, regionlarda turist axınının rahatlığını təmin etmək məqsədilə qrup biletlərinin əlçatan edilməsi də nəzərdə tutulur.
Azərbaycan Turizm Bürosunun İdarə Heyətinin sədr müavini Rəşad Əliyev qeyd edib ki, bu tərəfdaşlıqla dayanıqlı turizmin inkişafına, regionlara səyahətin asanlaşdırılmasına və turistlərə unudulmaz təcrübələrin təqdim olunmasına töhfə vermək hədəflənir. Əməkdaşlıq çərçivəsində turizm sənayesi nümayəndələri ilə mütəmadi görüşlər, korporativ əməkdaşlığın genişləndirilməsi və qatar marşrutlarının tanıtımına dair çəkilişlərin təşkili də planlaşdırılır.
Qeyd edək ki, ADY Abşeron dairəvi, Bakı–Qəbələ, Bakı–Balakən və Bakı–Qazax kimi əsas marşrutlar üzrə sərnişin daşımalarını həyata keçirir və bu marşrutların tanıdılması məqsədilə tanıtım materiallarının yerli və beynəlxalq auditoriyaya təqdim olunması, həmçinin ADY-nin rezervasiya platformasının Azerbaijan.travel saytına inteqrasiyası və sistemlərin birgə işi nəzərdə tutulan fəaliyyətlər sırasındadır.
Bizim.Media