Bir müddət öncə Bizim.Media xəbər portalının Abşeron rayonunun Masazır qəsəbəsindəki avtobusların, xüsusilə də Masazır-“Memar Əcəmi” marşrut xətti ilə işləyən 525 nömrəli marşrutla bağlı problemləri işıqlandırdıqdan sonra AYNA avtobusları yeniləməyə başlayıb.
AYNA tərəfindən daşıyıcıya marşrut xəttinin nizamlı fəaliyyəti, avtobus sayının sərnişin tələbata uyğun nizamlanması və parkın yenilənməsi ilə bağlı verilən tapşırığa əsasən, 2025-ci ilin istehsalı olan 10 müasir və komfortlu avtobus gətirilərək bu gündən daşımalara cəlb edilib. “King Long” markalı avtobuslar ekoloji cəhətdən təmiz CNG texnologiyası ilə təchiz olunub.
Hazırda sərnişin tələbatına əsasən marşrutda 20 avtobus istismar edilir. Xətdə olan digər avtobusların da yenilənməsi mərhələli qaydada həyata keçiriləcək və proses yaxın zamanda yekunlaşacaq. Daşıyıcı tərəfindən sifariş edilən yeni avtobuslar hesabına xəttə çıxan nəqliyyat vasitələrinin sayı artırılaraq 24-ə çatdırılacaq.
Artıq 525 nömrəli marşrut avtobuslarında ödəniş nağdsız qaydada həyata keçirilir. Bu məqsədlə həm yeni, həm də mövcud olan nəqliyyat vasitələrində müvafiq avadanlıq quraşdırlıb.
Qeyd edək ki, vətəndaşların rahatlığı, onlara keyfiyyətli və təhlükəsiz sərnişindaşıma xidmətlərinin göstərilməsi məqsədi ilə avtobus parkının yenilənməsi AYNA tərəfindən diqqətdə saxlanılır.
Şəfiqə Şəfa, Bizim.Media