Avtomobil sahibinin bir neçə nəfərə sürücülük etibarnaməsi verməsinə tez-tez rast gəlirik. Əslində notarial qaydada qısa bir proses olan, ilk baxışdan sadə görünən etibarnamə verilməsi maşın sahibinin başını sonradan ağrıda bilər.
Etibarnamə necə, hansı qaydalarda verilir?
Etibarnaməni eyni anda bir neçə nəfərin adına yazdırmaq mümkündür. Hər bir şəxsin məlumatları və səlahiyyətləri etibarnamədə ayrıca göstərilməlidir. Etibarnamədə nəqliyyat vasitəsini idarə etmək, satmaq, sığorta etdirmək kimi səlahiyyətlərin açıq şəkildə yazılması vacibdir. Həmçinin etibarnamənin müddəti də göstərilməlidir.
MÖVZU İLƏ BAĞLI:
Etibarnamələrin verilməsində YENİLİK
Bəs eyni anda bir neçə adama etibarnamə vermək risklidirmi?
Nəqliyyat eksperti Eldəniz Cəfərovun Bizim.Media-ya verdiyi məlumata görə, sırf avtomobili sürmək üçün verilmiş etibarnamənin heç bir təhlükəsi yoxdur.
“Sadəcə qayda pozuntusu varsa, bu zaman həmin o cərimə sonuncu dəfə etibarnamə kimə verilibsə, onun ünvanına gələcək”.
Mütəxəssis deyir ki, maşının sahibi etibarnaməni qarşı tərəfə xəbər vermədən də ləğv etdirə bilər.
“İstənilən vaxt heç bir səbəb gətirmədən etibarnaməni xəbərsiz ləğv etdirər. Yəni etibarnamənin hər an qüvvədən düşmə təhlükəsi var. Belə olduqda etibarnaməyə xitam verilir və müvafiq olaraq avtomobili almış şəxsin hüquqları da itirilir”.
Həmçinin, avtomobili etibarnamə ilə satmış şəxs vəfat etdikdə, onun verdiyi etibarnamə öz qüvvəsini itirmiş olur. Belə olan halda, avtomobili almış şəxs məcburdur ki, avtomobilin vərəsələrdən birinin adına rəsmiləşdirilməsini gözləsin və yalnız bundan sonra həmin vərəsə tərəfindən ona etibarnamə verilməsinə nail olsun. Amma ola bilər ki, varis də etibarnamə verməkdən imtina etsin.
Bundan başqa etibarnamədə avtomobilin satış səlahiyyəti də verilibsə, həmin şəxs avtomobili xəbərsiz sata bilər. Əslində qanunla bu icazəni sahibkar özü ona verib. Xəbər verib-verməmək qarşı tərəfin əxlaq və etikasına qalıb. Ona görə də sonradan avtomobilin geri alınması çox çətin və ya mümkün olmaya bilər.
Etibarnamə o qədər də etibarlı sənəd deyil
Ona görə də ekspertlər tövsiyə edirlər ki, etibarnaməni yad adama verdikdə və ya aldıqda ehtiyatlı olmaq lazımdır. Hərçənd illərlə tanıdığın da gözlənilməz “U dönüşü” edə və adamı pis vəziyyətdə qoya bilər, ona görə də tam güvənilir şəxslərə etibarnamə vermək və almaq lazımdır. Hər ehtimala qarşı müddəti də az qoymaq lazımdır ki, fikir dolu narahat gecələrin də ömrü qısa olsun. Göründüyü kimi, etibarnamə o qədər də etibarlı sənəd deyil.
Şəfiqə Şəfa, Bizim.Media