“Qaz təchizatı haqqında” qanuna edilən dəyişiklik nəticəsində istehlakçıların istifadə edib-etməməsindən asılı olmayaraq müəyyən edilmiş aylıq sabit tarifi ödəməsinə qarşı olduğumu birinci oxunuşda da söyləmişdim. Kasıb-varlı dəxli olmamalıdır. Heç kimə qaz pulsuz çəkilmir. Hər bir vətəndaş xərcini ödəyib qaz çəkdirir. Aydın oldu ki, bu dəyişikliyi rədd edə bilməyəcəyik. Amma, bütün izahlarda, şərhlərdə qeyd olunur ki, bunun kasıb əhaliyə təsiri olmayacaq. Əgər bu doğurdan da belədirsə, təklif edirəm ki, qanunda aydın və gizlinsiz göstərilsin ki, bir yaşayış yeri olan ailələrə bu qanun şamil edilməsin”.
Bizim.Media xəbər verir ki, bunu deputat Razi Nurullayev Milli Məclisin bugünkü iclasında çıxışı zamanı deyib.
O bildirib ki, bəzi ailələr qazın pulunu ödəyə bilmir, ona görə də dəyişikliklə bağlı əsaslı izahat verilməsi labüddür:
“Bütün bunları nəzərə alaraq, ya mövcud maddələrdən birinə, ya da əlavə bir maddə əlavə edilsin ki, istehlakçılar aydın şəkildə qanunu başa düşsünlər. Mən oxudum, amma tam aydın ifadə edilən maddə tapmadım. Ola bilsin ki, mənim texniki biliklərim yetərincə deyil. Amma, istehlakçıların 90 faizinin da texniki bilikləri elə mənim biliklərim qədərdir”.
Günay Şahmar, Bizim.Media