Azərbaycan Milli Elmlər Akademiyası Coğrafiya İnstitutunun Hidrologiya şöbəsinin müdiri Rza Mahmudov qeyd edib ki, Azərbaycan coğrafi mövqeyinə görə su ehtiyatları baxımından məhdud resurslara malik ölkələrdən biridir. Onun sözlərinə görə, hazırda ölkəmizdə mövcud olan su ehtiyatları əhalinin və kənd təsərrüfatının tələbatını tam ödəyə bilmir.
Bu gələcəkdə ciddi su qıtlığının yaranmasına səbəb ola bilərmi?
Mövzu ilə bağlı ekoloq Qorxmaz İbrahimli Bizim.Media-ya danışıb.
"Məlum olduğu kimi, bizim su ehtiyatlarımız daha çox 70 faizi transsərhəd çayları vasitəsilə yerdə qalan hissəsi isə daxili ehtiyyatlarımızla formalaşır. Su ehtiyatlarının az olması həm təbii, həm də antropogen amillərlə əlaqədardır. Azərbaycanın ərazisinə düşən çay sularının əhəmiyyətli hissəsi xarici ölkələrdən – əsasən Gürcüstan, Ermənistan və Türkiyədən gəlir.
Lakin son illərdə bu çayların səviyyəsində azalma müşahidə olunur. Eyni zamanda, iqlim dəyişmələri, quraqlıqlar və əhalinin artması suya olan tələbatı daha da artırır. Su ehtiyatlarının düzgün idarə olunmaması, suvarmada israfçılıq, su infrastrukturunun köhnəlməsi vəziyyəti daha da çətinləşdirir. Elə bölgədə yerləşirik ki, su resurslarımız qeyri-bərabər paylanıb.
Bu gün Bakı şəhərində bol su görürüksə, o demək deyil ki, bu, ölkənin digər rayonlarında da belədir. Qətiyyən belə deyil. Bu sahədə ciddi problemlər var. Mövcud məsələni həll etmək üçün su qənaətlə istifadə olunmalıdır. Əgər sudan düzgün istifadə edəriksə, sıxıntı olmayacaq. Əsas su qıtlığı çəkən bölgə aran rayonlarıdır. Bununla yanaşı Şamaxı, Qobustan, Ağsuda da problemlər var.
Dağlıq rayonlarımızda bir o qədər sıxıntı yoxdur. Əsas suya ehtiyacı olan ərazilərimizdə sudan düzgün istifadə olunmalıdır. Suvarma metodları həyata keçirilməlidir. Selləmə suvarma üsulunu unutmalıyıq. Qurunt sularını təmizləyib istifadə edə bilərik. Bu problemlə bağlı bir çox həll yolları da var. Biz sudan düzgün istifadə etmədiyiniz halda gələcək nəsillərə heçnə buraxmırıq”,- deyə ekoloq vurğulayıb.
Ayşən Rəhim, Bizim.Media