Sosial şəbəkələrdə yardım məqsədilə yaradılan səhifələrin sayı sürətlə artır. Lakin təəssüf ki, bu səhifələrin bir qismi real ehtiyac sahiblərinə kömək etməkdən çox, insanların yaxşı niyyətindən sui-istifadə etməyi qarşısına məqsəd qoyur. Yardım adı ilə atılan bu addımlar, əslində, dələduzluğun yeni formasına çevrilib.
Elə Bizim.Media-ya bu məsələ ilə bağlı daha bir şikayət daxil olub. Vətəndaş bildirib ki, “TikTok” platformasında fəaliyyət göstərən “yardımsever_insanlar” adlı səhifə, ehtiyaclılara kömək etmək adı ilə insanları aldadaraq maddi qazanc əldə edir.
Şikayətçinin iddiasına görə, səhifə tərəfindən vəd olunan “aylıq 500 manat və ərzaq yardımı”nın əldə olunması üçün ondan ilkin olaraq 25-50 manat arası “rüsum” tələb olunub. Aldanaraq bu məbləği ödəyən vətəndaş daha sonra həmin səhifə tərəfindən bloka atılıb.
Dələduzların qurbanı olan Xəzər rayon sakini Günay Feyzullayeva Bizim.Media-ya açıqlamasında həyat yoldaşını itirdikdən sonra üç uşağını təkbaşına böyütmək məcburiyyətində qaldığını və yardıma ehtiyacı olduğunu dilə gətirib.
Elə bu səbəbdən də sözügedən səhifəyə inanıb:
“Səhifəyə daxil oldum, vəziyyətimi izah etdim. Səhifə də aldadıcı görünmürdü. Dedim yəqin ki, köməklik edəcəklər. Mənə yazdılar ki, problem yoxdur, amma 25 manat göndərməlisiz. Uşaqların çörək pulusundan götürüb onlara göndərdim. Tam dəqiqliklə dedilər ki, 25 dəqiqəyə pul sizdə olacaq. Gözlədim, müddət bitdi, yenidən yazdım. Bu dəfə bildirdilər ki, sizə 5000 manat düşür. Çox sevindim, dedim bəxtim üzümə gülüb. Amma əvəzində 45 manat 50 qəpik də istədilər.
Narazılıq etdim, dedim yoxdu. İnad edib, təkrar şirnikləndirməyə başladılar. Həqiqətən də o məbləğin olmadığını bildirdim. Bir qədər keçəndən sonra səs çıxmadı. Bu dəfə göndərdiyim 25 manatımı geri istədim. Bundan sonra məni blok etdilər”, - deyə şikayətçi bildirib.
Günay Feyzullayeva “yardımsevər”lərə inanaraq min bir zəhmətlə qazandığı pulundan da məhrum olduğunu ürək yanğısı ilə qeyd edib və insanları aldadan şəxslərin cəzalandırılmasını istəyib:
“Şikayətimi hüquq mühafizə orqanlarına da bildirəcəm. Mən aldandım, heç olmaya başqaları da bu dələduzların toruna düşməsinlər”.
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinə müraciət etdik. Qurumun Mətbuat Xidmətinin əməkdaşı Cəsarət Qənbərli bildirdi ki, qeyd olunan müraciət üzrə müvafiq polis orqanında araşdırma aparılır.
Aygün Hüseyn, Bizim.Media