Azərbaycan əsilli milyarder Fərhad Əhmədovun adı keçən beynəlxalq korrupsiya işi üzrə Fransa vətəndaşı Anass Derraz Dövlət Təhlükəsizliyi Xidmətində başlanılmış cinayət işi üzrə Bakıda məhkəmə qarşısına çıxarılıb.
Bizim.Media “qafqazinfo.az”a istinadən xəbər verir ki, “SAUR” şirkətinin vitse-prezidenti olan Derraz, cinayət yolu ilə əldə edilən milyonlarla vəsaiti leqallaşdırmaqda və külli miqdarda rüşvət almaqda ittiham olunur.
Derraz həbsdə deyil. Onun barəsində başqa yerə getməmək haqqında qətimkan tədbiri seçilib.
Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən ilk iclasda Anass Derrazın anket məlumatları dəqiqləşdirilib, ilkin dinləmələr həyata keçirilib. O, dövlət hesabına həm fransız, həm ingilis dili üzrə tərcüməçi ilə təmin edilib, müdafiə hüquqlarını həyata keçirməsi üçün lazımi imkanlar yaradılıb.
Proses açıq şəkildə aparılır. Məhkəmə iclasında media nümayəndələri iştirak ediblər.
Derraz barəsindəki cinayət işinə xitam verilməsini məhkəmədən xahiş edib:
“11 aydır Bakıdayam, işləmirəm. Övladlarım da Dubaydadır, onları görməyə getmək istəyirəm”. Məhkəmə müşavirədən sonra cinayət işinə xitam verilməsi üçün əsaslar olmadığını elan edib, həmçinin seçilmiş qətimkan tədbiri dəyişdirilməyib və işin baxışa verilməsi qərara alınıb. Baxış iclası iyulun 3-nə təyin edilib. Məhkəmə istintaqı açıq keçiriləcək.
Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən Anass Derraza AR Cinayət Məcəlləsinin 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma, xeyli miqdarda törədildikdə) və 32.5, 311.3.3 (rüşvət alma (passiv rüşvətxorluq), külli miqdarda törədildikdə) maddələri ilə ittiham irəli sürülüb.
Xatırladaq ki, Anass Derrazın adı Fransa prezidentinin sabiq mühafizə rəhbəri Aleksandr Benalla ilə birlikdə Azərbaycan əsilli rusiyalı milyarder Fərhad Əhmədova qarşı həyata keçirilmiş korrupsiya sxemi ilə əlaqələndirilir.
İttihamlara görə, 2018-ci ildə bu şəxslər Fərhad Əhmədovdan sanksiyalardan qorunması və yaxtasının həbsdən azad olunması qarşılığında külli miqdarda rüşvət alıblar.
İstintaq sənədlərinə əsasən, Əhmədov tərəfindən köçürülən milyonlarla dollar vəsait Anass Derrazın “Al Hilal Bank”dakı, Benallanın isə “Bank of Africa United Kingdom”dakı hesablarına oturdulub.
A.Derraz Azərbaycanın Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən cinayət məsuliyyətinə cəlb olunub, ölkədən çıxışına qadağa qoyulub. Aleksandr Benalla barəsində isə Azərbaycanın sorğusu əsasında beynəlxalq axtarış elan edilib.
Belə ki, İnterpol Baş Katibliyi uzun prosedurdan sonra ümumi qərarla Fransa vətəndaşı Aleksandr Benallanın axtarışını əsaslı hesab edərək 2025-ci ilin aprel ayında “Red Notice” (“Qırmızı bülleten”) ilə beynəlxalq axtarışa daxil edib və bu barədə bütün üzv dövlətlərə bildirişlər göndərib.
Qərarın əsası Azərbaycanın Dövlət Təhlükəsizliyi Xidmətində istintaqı aparılan cinayət işi üzrə 2024-cü ildə verilmiş hüquqi sorğu olub.
İnterpolun Fransa prezidentinin Mühafizə Xidmətinin sabiq rəhbəri A.Benallanı ən ciddi hüquqi əsas olan “Red Notice” (“Qırmızı bülleten”) əsasında beynəlxalq axtarışa verməsi DTX-nin əlində təkzibedilməz və mötəbər sübutların mövcudluğundan xəbər verir. “Qırmızı bülleten” şəxsin olduğu ölkədə tutulmasını və barəsində axtarış elan etmiş ölkəyə ekstradisiyasını nəzərdə tutur. A.Benallanın hazırda olduğu üçüncü ölkədə ekstradisiya proseslərinə cəlb edildiyi məlumdur.
Bizim.Media