Bu gün "Qanunun aliliyinin gücləndirilməsi: ombudsmanların və milli insan hüquqları institutlarının rolu" mövzusunda keçirilən beynəlxalq simpoziumun iştirakçıları Quba şəhərində olublar.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, səfər çərçivəsində Slovakiyanın İctimai Hüquqlar üzrə Müdafiəçisi Robert Dobrovodski Quba Soyqırımı Memorial Kompleksində jurnalistlərə açıqlama verib.
“Quba Memorial Kompleksinə səfərim zamanı burada baş vermiş bir insanlıq faciəsinin şahidi oldum. Əsas çağırışım və dünyaya vermək istədiyim mesaj odur ki, insan hüquqlarına hörmət edilməli və sülh qorunmalıdır. Çünki burada baş verənlər bəşəriyyət üçün bir dərsdir. Slovakiyada belə bir deyim var: İnsan hüquqları İkinci Dünya Müharibəsindən sonra insanlığın mübarizəsinin nəticəsi olaraq əldə edilmiş bir hədiyyədir. Bu hüquqlar bizim üçün bir mirasdır. Buna görə də biz sülhü qorumağa və insan hüquqlarının müdafiəsinə çalışmalıyıq ki, tarixdə bu kimi faciələr təkrarlanmasın.”
Simpozium iştirakçıları – Türkiyə Prezidenti yanında Hüquq Siyasəti Şurasının üzvü Vedat Əli Tektaş və Monqolustan İnsan Hüquqları Komissiyasının komissarı Enkhbold Batzeveg də Quba Soyqırımı Memorial Kompleksində gördüklərindən dərin təsirləndiklərini bildiriblər. Onlar dünyada sülhün bərqərar olması üçün beynəlxalq həmrəyliyin vacibliyini vurğulayıblar.
Qeyd edək ki, beynəlxalq simpozium Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın təşəbbüsü ilə təşkil olunub. Səfər çərçivəsində əvvəlcə ümummilli lider Heydər Əliyevin Quba şəhərindəki abidəsi ziyarət olunub və önünə gül dəstələri düzülüb. Daha sonra iştirakçılar “ASAN xidmət” mərkəzində vətəndaşlara göstərilən xidmətlərlə tanış olublar. Sonda isə Quba Soyqırımı Memorial Kompleksi ziyarət edilib.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu