Azərbaycan Yazıçılar Birliyində (AYB) IV Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı çərçivəsində iştirak edən könüllülərə sertifikatlar təqdim edilib.
Bizim.Media xəbər verir ki, sertifikatları festivalın layihə rəhbəri, AYB-nin mətbuat katibi Xəyal Rza və “Ulduz” jurnalının baş redaktoru, şair Qulu Ağsəs təqdim edib.
Qeyd edək ki, 24-31 may tarixlərində keçirilən IV Türk Dünyası Ədəbiyyat və Kitab Festivalının hər günü bir ölkəyə - Qırğızıstan, Özbəkistan, Macarıstan, Qazaxıstan, Azərbaycan, Türkiyə, Türkmənistan və Şimali Kipr Türk Respublikasına həsr edilib.
Bu il ilk dəfə olaraq Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə 1 iyun tarixində I Türk Dünyası Uşaq Festivalı da baş tutub.
IV Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Yazıçılar Birliyi, Milli Məclisin Mədəniyyət Komitəsi, Bakı şəhər İcra Hakimiyyəti, Beynəlxalq Türk Akademiyası, TÜRKSOY, TİKA, YTB, AMEA, İLESAM, Dünya Gənc Türk Yazarlar Birliyi, İnam Mühafizə şirkəti, Mədəniyyət kanalı və Bizim.Media informasiya portalının təşkilati dəstəyi ilə keçirilib.
Ayşən Rəhim, Bizim.Media