İctimai nəqliyyatda, şəhərdaxili marşrut üzrə sərnişindaşıma xidmətində bəzi avtobuslarda azyaşlı uşaqlar üçün gedişhaqqında fərqli yanaşmalar var. Avtobuslarda yazılmış xəbərdarlıqda müxətlif qiymətlər göstərilir. Bəzi avtobuslarda 5, bəzilərində isə 6 yaşdan yuxarı uşaqlar üçün gedişhaqqının ödənilməli olduğu yazılıb. Metropolitendə isə uşaqların 7 yaşdan sonra gedişhaqqı ödəməsi qeyd olunub. Bu isə sərnişinləri xüsusilə valideynləri çaş-baş salır, narazılıqların yaranmasına səbəb olur.
Bəs, ictimai nəqliyyatda uşaqlar üçün gedişhaqqı neçə yaşdan ödənilməlidir?
Mövzu ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) Bizim.Media-ya verilən məlumata görə, məsələnin tənzimlənməsi üçün Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 141 nömrəli Qərarı ilə təsdiqlənmiş "Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması Qaydaları"nın müvafiq maddələrinə istinad edilir.
“Müntəzəm avtobus marşrutlarında sərnişin özü ilə ayrıca yer tutmadan gedişhaqqı ödənilmədən 5 yaşa qədər bir uşaq aparmaq hüququna malikdir”.
Digər ölkələrdə vəziyyət necədir?
1. Avstraliya (Victoria əyaləti)
2026-cı ilin yanvarından 18 yaşadək bütün gənclər (uşaq və yeniyetmələr) ictimai nəqliyyatda pulsuz səyahət edirlər: avtobus, tramvay, qatar və s. Bu, ailə büdcəsinə ciddi dəstək və sosial ədalət məqsədilə həyata keçirilən tədbirdir.
2. Böyük Britaniya (Şotlandiya)
İndi 5–21 yaşadək hamı avtobuslarda pulsuz səyahət edə bilir (5 yaşadək isə əvvəlcədən də pulsuz idi).
3. Avropa – Bolqarıstan (Sofiya və digər şəhərlər)
2024-cü ilin fevralından etibarən, 14 yaşadək bütün uşaqlar şəhərlərarası və şəhər daxilində ictimai nəqliyyatda ödənişsiz səyahət edir. Inter-siti xətlərdə 7–14 yaşa 50% endirim tətbiq olunur.
2023-cü ildə 10 yaşadək pulsuz idi, sonra bu hədd artırıldı.
4. Çexiya (Praqa)
İyul 2025-dən etibarən 10 yaşadək uşaqlar şəhər daxilində (metro, tramvay, avtobus) pulsuz səyahət edəcək. Əvvəl bu hədd 6 yaş idi.
5. Çin (Şanxay)
1.3 metr boyundan aşağı 2 uşağa qədər avtobus və metroda pulsuz səyahət mümkündür. 6 yaşdan yuxarı, 1.3 m‑dən aşağı uşaqlara ayrıca ödəniş tələb olunur.
6. İsveç (Bask bölgəsi)
2025-ci ildən etibarən, uşaq üçün 12 yaşa qədər ictimai nəqliyyat pulsuz olacaq
Ayşən Rəhim, Bizim.Media