Sağlamlığın qorunması üçün təkcə “zərərli qidaları” rasiondan çıxarmaq kifayət etmir. Eyni zamanda “faydalı qidalar” da menyuya əlavə edilməlidir.
Bizim.Media xəbər verir ki, bu barədə “İzvestiya” nəşrinə danışan ailə nutrisoloqu Antonina Tsvinariya məlumat verib.
Onun sözlərinə görə, orqanizmin normal fəaliyyəti üçün böyüklər gündə 25–30 qram lif (kletçatka) qəbul etməlidir. “Lif tərəvəzlərdə, göyərtilərdə, giləmeyvələrdə, kətan və çia toxumlarında, paxlalılarda, qarabaşaqda, kinoa və qəhvəyi düyüdə mövcuddur. Lif xolesterini azaldır, şəkəri stabilləşdirir və mikrobiotanı qidalandırır”, – deyə nutrisoloq bildirib.
Tərəvəz və giləmeyvələr arasında antioksidantlarla zəngin olanlar çoxdur. Məsələn, çiyələk və ispanaq bu maddələrlə zəngindir. Antioksidantlar həmçinin yaşıl çayda, zərdəçal (kurkuma) və sarımsaqda da mövcuddur. Bu maddələr hüceyrələri oksidləşdirici stressdən qoruyur, qocalma prosesini ləngidir və bərpanı sürətləndirir.
Mütəxəssis qeyd edib ki, skumbriya, sardina və somon kimi yağlı balıq növləri omeqa-3 yağ turşuları ilə zəngindir. Bu turşular iltihab əleyhinə təsir göstərir, qandakı lipid balansını yaxşılaşdırır və beyni qoruyur. Yağlı balığın mütəmadi qəbulu ürək-damar xəstəliklərindən ölüm riskini 16–18% azaldır.
İmmunitetin güclü olması üçün rasiona fermentasiya olunmuş məhsulların – turş kələm, təbii yoqurt, kimçi və misonun əlavə olunması tövsiyə edilir. Bu məhsullar mikrobiotanı zənginləşdirir və həzmə kömək edir.
Antonina Tsvinariya bildirib ki, qidalanmanın ən vacib komponentlərindən biri də zülaldır. “Zülal hormonların, fermentlərin və immun hüceyrələrinin qurulmasında əsas materialdır. Onun çatışmazlığı zamanı əzələ kütləsini saxlamaq, enerjini qorumaq və maddələr mübadiləsinin çevikliyini təmin etmək çətinləşir”, – deyə o vurğulayıb.
Nutrisoloqun sözlərinə görə, yüksək bioloji əlçatanlığa malik zülal yumurta, balıq, toyuq, hinduşka və paxlalılarda olur. Mütəxəssis həmçinin bildirib ki, sağlam qidalanma qadağalarla deyil, düzgün prioritetlərlə bağlıdır.
Bizim.Media