2026-cı ilin 17-21 may tarixlərində Bakıda Birləşmiş Millətlər Təşkilatının (BMT) Ümumdünya Şəhərsalma Forumu baş tutacaq.
Şəhərsalmanın sürətli inkişafı və urbanizasiya ilə bağlı qlobal çağırışlara həsr olunan forum, BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) çərçivəsində təşkil olunur.
Forumun BMT-nin Məskunlaşma Proqramı çərçivəsində hansı əsas hədəfləri var və bunun Azərbaycanın şəhərsalma sahəsinə hansı töhfələri ola bilər? Bu cür beynəlxalq tədbirlər, xüsusilə Şəhərsalma Forumları, Azərbaycanın iqtisadi və sosial inkişafına necə təsir göstərə bilər? Hansı mövzular müzakirə ediləcək?
Mövzu ilə bağlı Bizim.Media-nın suallarını siyasi ekspert Ülviyyə Zülfiqar cavablandırıb.
O, sözügedən forumun əhəmiyyətinə diqqət çəkib:
“2021-ci ildə BMT tərəfindən qərar verilən bu forum, ilk dəfə Keniyada keçirilib. Hər iki ildən bir təşkil olunan forumun sonuncusu Qahirədə baş tutmuşdu. Gələn il isə bu mühüm tədbir Bakıda keçiriləcək və paytaxtımız Forumun 13-cü sessiyasına (WUF13) ev sahibliyi edəcək. Forum, sürətli şəhərsalmanın yaratdığı çağırışları müzakirə etmək məqsədini güdür və bu mövzu qlobal səviyyədə aktuallığını qoruyur”.
Ekspert bildirib ki, sürətli və nizamsız şəhərsalma dünya üzrə bir sıra ciddi problemlərə yol açır.
“Təmiz suya çıxış, sanitar şəraitin yaxşılaşdırılması, meşələrin azalması, kənd təsərrüfatı sahələrinin ərazisinin kiçilməsi kimi məsələlər artıq dünya üçün təcili həll tələb edən çağırışlara çevrilib. Eyni zamanda, bu məsələlərə gecəqonduların yaranması və evsizlərin artması da daxildir.
Azərbaycanın bu məsələlərə qarşı səmərəli yanaşmaları, xüsusilə irimiqyaslı tədbirlərin keçirilməsindəki təcrübəsi nəzərə alındıqda, ölkəmizin BMT-nin Şəhərsalma Forumuna ev sahibliyi etməsi təbii bir haldır. Azərbaycan təkcə COP29-un keçirilməsindəki təcrübəsi ilə deyil, həm də bu növ beynəlxalq tədbirləri müvəffəqiyyətlə təşkil etməsi ilə beynəlxalq ictimaiyyətin etimadını qazanıb. BMT və digər beynəlxalq təşkilatlar, ölkəmizin təcrübəsindən böyük fayda görür və Azərbaycan regional və qlobal nüfuzunu gücləndirməkdə davam edir.
Azərbaycan şəhərsalma sahəsində uğurlu nəticələrə sahibdir. İşğaldan azad edilmiş ərazilərdə "ağıllı şəhər"i buna misal olaraq göstərmək olar. Eyni zamanda, kənd təsərrüfatı sahələrinin qorunması və meşələrin bərpası sahəsində həyata keçirilən əhəmiyyətli kampaniyalar, Azərbaycanın ekologiya və şəhərsalma məsələlərinə verdiyi önəmin nümunəsidir”.
Forumda hansı məsələlər müzakirə olunacaq?
Ü.Zülfiqar forumda dünya üzrə şəhərsalma məsələlərinin daha da təkmilləşdirilməsi, təhlükəsiz və yaşana biləcək şəhərlərin qurulması, o cümlədən mənzil təminatının artırılması kimi məsələlərin müzakirə olunacağını vurğulayıb.
“Yerli və beynəlxalq ekspertlər, regional şəhərsalma üzrə mütəxəssislər, habelə vətəndaş cəmiyyəti nümayəndələri bir araya gələrək bu əhəmiyyətli məsələləri geniş şəkildə müzakirə edəcəklər. Bakıda keçiriləcək bu forumun mövzusu "Dünyanın mənzillə təmin edilməsi, təhlükəsiz şəhərlər və icmalar"dır. Hesab edirəm ki, bu tədbir Azərbaycanın beynəlxalq səviyyədəki nüfuzunu daha da artıracaq və COP29 kimi mühüm nəticələrə səbəb olacaq",- deyə o qeyd edib.
Ayşən Rəhim, Bizim.Media