Qusar rayon Heydər Əliyev Mərkəzində “Erkən nikah və onun fəsadları” mövzusunda maarifləndirici tədbir təşkil olunub.
Bizim.Media-nın yerli bürsosu xəbər verir ki, tədbirin keçirilməsində məqsəd cəmiyyət üçün ciddi təhlükə doğuran erkən nikah hallarının qarşısının alınması, bu kimi halların fəsadları barədə ictimaiyyətin maarifləndirilməsi və bu sahədə qabaqlayıcı tədbirlərin gücləndirilməsinə dəstək verməkdir.
Təhsil və mədəniyyət işçiləri, gənclər, valideynlər və ictimaiyyət nümayəndələrinin iştirakı ilə baş tutan tədbirdə çıxış edən Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsinin Mədəniyyət müəssisələri ilə iş sektorunun baş məsləhətçisi, Qusar rayonu üzrə nümayəndəsi Elvira Hacıbalayeva, Qusar Rayon İcra Hakimiyyətinin əməkdaşı Kamran Sədullayev, Qusar Rayon Heydər Əliyev Mərkəzinin direktoru vəzifəsini icra edən Fatimə Zülfüqarova və digər natiqlər erkən nikahın həm hüquqi, həm də sosial-psixoloji aspektlərini diqqətə çatdırıblar.
Qeyd olunub ki, ölkə qanunvericiliyinə əsasən, 18 yaşını tamamlamayan hər bir şəxs uşaq sayılır və bu yaşa qədər bağlanan nikahlar erkən nikah kimi qiymətləndirilərək qanun pozuntusu hesab olunur. Vurğulanıb ki, erkən yaşda nikaha daxil olan yeniyetmələr nə fizioloji, nə də psixoloji baxımdan ailə məsuliyyətini daşımağa hazır olmurlar.
Nəticədə bu cür nikahlar bir sıra ciddi fəsadlara, o cümlədən ailədaxili zorakılıq, ana-uşaq ölümləri, psixoloji travmalar, təhsildən yayınma və sosial təcrid kimi problemlərə səbəb olur. Bu hallar, həmçinin gənc fərdlərin gələcək həyat keyfiyyətini, karyera imkanlarını və ümumi inkişaf perspektivlərini ciddi şəkildə məhdudlaşdırır. Eyni zamanda, son dövrlər müşahidə edilən intihar hadisələrinin, qadınlara qarşı şiddət hallarının əksəriyyətinin təməlində məhz bu tip erkən nikahlar və onların doğurduğu psixoloji sarsıntılar dayanır.
Məruzəçilər vurğulayıblar ki, gənclərin əsas məqsədi təhsil almaq, bilik və bacarıqlarını inkişaf etdirmək, peşəkar fərd kimi formalaşmaq və cəmiyyətin tərəqqisinə töhfə vermək olmalıdır.
Erkən nikahlar bu hədəflərə çatmaqda əsas maneələrdən biri kimi çıxış edir və bu səbəbdən onların qarşısının alınması həm dövlət, həm də cəmiyyət üçün prioritet məsələdir.
Tədbirin sonunda erkən nikahın cəmiyyətə və fərdlərə vurduğu mənəvi və sosial zərərləri əks etdirən maarifləndirici videoçarx nümayiş etdirilib.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu