“Qubadlı və Zəngilan rayonları ərazisində Zabuxçay su anbarından qidalanan 51,6 km uzunluğunda təzyiqli magistral boru xətti inşa edilib”.
Bizim.Media xəbər verir ki bunu Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin rəsmisi İlham Quliyev Laçın rayonunda jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, boru xəttinin ümumi uzunluğu 51 600 metrdir və bu xətt Zabuxçay su anbarından çıxaraq Həkəri çayının sağ və sol sahillərində yerləşən Qubadlı və Zəngilan rayonlarının ümumilikdə 12 100 hektar əkin sahəsinə su çatdırır:
"Su ötürmə qabiliyyəti başlanğıcda saniyədə 6,2 m³ təşkil edir. Kəmər yüksək təzyiqli çiləyici və damcılı suvarma sistemləri üçün nəzərdə tutulub və qapalı suvarma boru sisteminə əsaslanır.
Layihənin praktiki nəticələri artıq özünü göstərməkdədir. Bu il Zəngilan və Qubadlı rayonlarının ərazisində yerləşən aqroparkların ümumilikdə 2900 hektar əkin sahəsi Zabuxçay su anbarından suvarma suyu ilə təmin edilib.
Bu layihə regionun aqrar inkişafında mühüm rol oynamaqla yanaşı, əhalinin rifahının yüksəldilməsi və kənd təsərrüfatında məhsuldarlığın artırılması baxımından da əhəmiyyətli töhfə verir".
Bizim.Media