Naxçıvandan Bakıya və ətraf rayonlara məhsul tədarükü hazırda davam edir. Lakin regionda baş verən son hadisələr – xüsusilə də İran-İsrail münaqişəsinin gərginləşməsi bu prosesə təsirsiz ötüşməyə bilər.
Məsələ ilə bağlı Bizim.Media-ya açıqlama verən iqtisadçı-ekspert Cavadxan Qasımov bildirib ki, gərginliyin artması nəqliyyat, logistika və qiymətlərə dolayısı təsir göstərə bilər:
“İran-İsrail qarşıdurmasının dərinləşməsi həm regional, həm də geosiyasi baxımdan ciddi nəticələr doğura bilər. Bu təsirlər, istisna deyil ki, Naxçıvandan Bakıya daşınan məhsullarda da özünü göstərəcək. Çünki Naxçıvanın Azərbaycanla birbaşa quru əlaqəsi yoxdur. Hazırda bölgə ilə əlaqə yalnız İran və Ermənistan üzərindən mümkündür. Zəngəzur dəhlizinin tam olaraq reallaşmaması bu asılılığı daha da artırır”,- deyə ekspert bildirib.
Ekspertin sözlərinə görə, İran ərazisindən keçən ticarət marşrutu həm strateji, həm də iqtisadi baxımdan həyati əhəmiyyət daşıyır:
“Əgər gərginlik hərbi toqquşmaya və ya İran daxilində təhlükəsizlik böhranına səbəb olarsa, bu tranzit yolda gecikmələr və məhdudiyyətlər qaçılmaz olacaq. Nəticədə məhsulların vaxtında çatdırılmasında problemlər yaranacaq, keyfiyyəti aşağı düşəcək, daşınma xərcləri isə artacaq.”
Cavadxan Qasımov əlavə edib ki, İran daxilində logistika və gömrük sistemində gərginlik yaranarsa, bu da əlavə risklər deməkdir:
“Gömrük-keçid məntəqələrinin fəaliyyətində fasilələr, nəqliyyat təhlükəsizliyi ilə bağlı təhdidlər və logistik sistemin yüklənməsi məhsul ixracını çətinləşdirəcək. Bu, təkcə tədarük zəncirinə deyil, qiymətlərə də təsir edəcək”, - deyə ekspert bildirib.
Eyni zamanda, Naxçıvandan Bakıya ən çox ixrac olunan məhsullardan biri içməli sudur ki, bu da mövcud vəziyyətdə xüsusilə həssas sahələrdən biri hesab edilir.
Məsələ ilə bağlı “Badamlı Mineral Sular” MMC ilə əlaqə saxladıq.
Şirkətdən Bizim.Media-ya bildirildi ki, hazırda ixrac əvvəlki qaydada davam edir:
“Bu günlərdə ixracla bağlı heç bir dəyişiklik olmayıb. Əvvəlki qayda ilə məhsullar gömrüyə göndərilir.”
Nəticədə Bakı və ətraf bazarlarda Naxçıvandan gələn ərzaq, kənd təsərrüfatı və sənaye məhsullarının qiymətində artım gözlənilə bilər:
“Əgər tədarükdə fasilələr yaranarsa, bəzi məhsullar bahalaşacaq, digərləri isə bazardan müvəqqəti yox ola bilər. Bu isə birbaşa istehlakçının cibinə təsir edəcək”, - deyə o, əlavə edib.
Məsələ ilə bağlı “Sirab ASC”yə də sorğu ünvanlasaq da, hələlik sullarımıza cavab verilməyib.
Hazırda Naxçıvandan məhsulların gətirilməsində vəziyyət necədir?
Mövzu ilə bağlı Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinə sorğu ünvanladıq. Hazırkı vəziyyət və daşınmalarla bağlı aidiyyəti qurumlardan cavab aldıqdan sonra oxucularımıza ətraflı məlumat təqdim olunacaq.
Aygün Hüseyn, Bizim.Media